...

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi genişləndiriləcək

Cəmiyyət Materials 25 Dekabr 2019 09:52 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 24 dekabr 2019-cu il tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşlaşdırılmasının dövlət başçısının daim diqqət mərkəzində olduğuğunu bir daha təsdiq edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, sərəncamın imzalandığı gün, dekabrın 24-də Prezident İlham Əliyev Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunan yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimində iştirak edib. Dövlət başçısı mərasimdə çıxışı zamanı “Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 7500-dən çox mənzil və fərdi ev, 7 minə yaxın minik avtomaşını verilib. Bu, deyə bilərəm ki, çox nadir hallarda dünya miqyasında baş verir. Hesab edirəm ki, Azərbaycan bu sahədə ən düzgün siyasət aparır. Çünki bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə o vətəndaşlar ki, öz həyatını Vətən uğrunda qurban vermişdir və sağlamlığını itirmişdir. Bundan sonra da bu siyasət davam etdiriləcək” deyə vurğulayıb. 24 dekabr 2019-cu il tarixli Sərəncam da bu siyasətin uğurla davam etdirildiyini özündə təcəssüm etdirir.

Sərəncamda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi məqsədilə 20 milyon 610 min manatın ayrılması tapşırılır ki, bu da respublikamızın bölgələrində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yeni fərdi yaşayış evlərinin tikintisi işlərinin uğurla davam etdirilməsinə təminat verir.

Eyni zamanda, Prezident İlham Əliyev gələn il ən azı 1500 mənzil və fərdi evin verilməsinin nəzərdə tutulduğunu bildirib. Göründüyü kimi, dövlət başçısının şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğısı həmin insanların mənzillə təminatı tədbirlərinin gələn il də yüksələn xətt üzrə davam edəcəyinə, növbəti ildə daha 1500 şəhid ailəsinin və müharibə əlilinin mənzillə və fərdi evlərlə təmin ediləcəyinə zəmin yaradır. Yeni Sərəncam da bu məqsədə doğru atılan mühüm bir addımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti