...

Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya edilir (FOTO)

Cəmiyyət Materials 29 Mart 2020 16:48 (UTC +04:00)
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə paytaxtda məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində dezinfeksiya tədbirləri davam etdirilir.
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya edilir (FOTO)

Bakı. Trend:

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə paytaxtda məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində dezinfeksiya tədbirləri davam etdirilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, paytaxt ərazisində məcburi köçkünlərin sıx məskunlaşdığı bütün bina və tikililərdə dezinfeksiya işlərinin aparılması üçün Səhiyyə Nazirliyinə, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə, şəhər və rayon icra hakimiyyətinə müraciət edib.

Komitə aparatının müvafiq şöbəsi və yerli sektorlar dezinfeksiya işlərinin gedişini diqqətə saxlayır, məcburi köçkünlərin bu məsələ ilə bağlı hər bir müraciətinə həssaslıqla yanaşır, zəruri tədbirlər həyata keçirirlər.

İndiyədək Bakı şəhərinin bütün rayonlarında məcburi köçkünlərin sıx məskunlaşdığı bina və tikililərdə dezinfeksiya işlərinin aparıldığı bildirilir. Dezinfeksiya işləri ümumi istifadə yerlərində, girişlərdə və onların ətrafında, məişət tullantılarının atıldığı konteyner meydançalarında aparılıb.

Bundan başqa, xəstəliyə yoluxma hallarına yol verilməməsi və infeksiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məcburi köçkünlərdən Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə və özünütəcridə əməl etmək, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək vermək tövsiyə edilir.

Onu da xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın 6-cı bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdırıldığı binaların saxlanılması, təmiri, bərpası ilə əlaqədar məsələlər həmin binaların balansında olduğu idarə, müəssisə, təşkilatlar, habelə yerli şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti