Bakı. Vüqar İmanov - Trend:
Azərbaycan Milli Geyim Mərkəzinin və AQSİA-nın (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası) Sosial iş komissiyasının rəhbəri Gülnarə Xəlilova Azərbaycan Mədəniyyət Nazirliyinin “Evdə qal – evdə yarat” (#EvdəQalEvdəYarat) təşəbbüsü çərçivəsində ilk dəfə olaraq kəlağayıdan rəngarəng maskalar hazırlayıb.
Bu barədə Trend məlumat verir.
Dizayner Gülnarə Xəlilova bildirib ki, onun yeni işi həm sosial təmayüllüdür, həm də Azərbaycanın qədim milli qadın baş örtüyü olan kəlağayının təbliğinə istiqamətlənib:
"Məlum olduğu kimi 2014-cü ildə kəlağayı simvolizmi və ənənəvi sənəti, onun hazırlanma və daşınma mədəniyyəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Qeyd etmək istərdim ki, maska xüsusi emal edilmiş kəlağayıdan düzəldilib və virusun orqanizmə düşməsinin qarşısını almaq üçün müvafiq astara malikdir. Maskanı görünüşə uyğun şarm vermək üçün tibbi maskanın üstündən də geyinmək olar. Onu təkrar istifadə etmək mümkündür. İstifadədən sonra isti suda yumaq olar, belə ki, bu, adi kəlağayı örpəyi ilə də edilir. Hamını evdə qalmağa və yaratmağa çağırıram”.
Xatırladaq ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkətə məhdiyyətlər tətbiq edilib. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərar qəbul edib.