...

İdxal-ixrac vergilərindən azadolma haqqında sertifikatın əldə edilməsi

Cəmiyyət Materials 4 May 2020 19:30 (UTC +04:00)
İdxal-ixrac vergilərindən azadolma haqqında sertifikatın əldə edilməsi

Bakı. Trend:

Ümumi məlumat

Məlum olduğu kimi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi və məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi məqsədilə onların göstərdiyi xidmətlərin bir çoxu elektronlaşdırılmışdır. Dövlət Gömrük Komitəsi də hazırda elektron xidmətlər göstərir ki, belə xidmətlərdən biri də idxal-ixrac vergilərindən azadolma haqqında sertifikatın (“Sertifikat”) verilməsi ilə bağlıdır.

Sertifikatın verilməsi üçün hüquqi əsas kimi hasilatın pay bölgüsü sazişləri (“Saziş”) və həmin Sazişlərin tərkib hissəsi olan müvafiq idxal-ixrac rüsumları və vergiləri haqqında protokollar (“Protokol”) çıxış edirlər.

Protokollara əsasən, hər bir podratçı tərəf, onun ortaq şirkəti, əməliyyat şirkəti və ya subpodratçı və ya onların agenti (“Qeydiyyatdan Keçmiş Şirkət”) heç bir vergi və rüsum tutulmadan və heç bir məhdudiyyət qoyulmadan aşağıdakıları öz adlarından Azərbaycan Respublikasına idxal və yenidən (təkrar) ixrac etmək hüququna malikdirlər:

hər cür avadanlıq, materiallar, dəzgahlar və alətlər, nəqliyyat vasitələri, ehtiyat hissələri, podratçının əsaslandırılmış rəyinə görə karbohidrogen əməliyyatlarının lazımınca aparılması və yerinə yetirilməsi üçün zəruri olan mallar və başqa predmetlər. ərzaq məhsulları (ərzaq məhsullarının idxalı ilə əlaqədar müvafiq qaydalara uyğun olaraq).

Protokola əsasən Azərbaycanın tədarükçüləri malların qiyməti, keyfiyyəti və mövcudluğu baxımından bütün mühüm cəhətlərdə xarici tədarükçülərlə rəqabət aparmaq qabiliyyətinə malik olduğu halda Azərbaycan tədarükçüləri üstün tutulmalıdır.

Qeydiyyat Keçmiş Şirkətlər, onların bütün əməkdaşları və onların ailə üzvləri heç bir vergi, rüsum tutulmadan və məhdudiyyət qoyulmadan istənilən vaxt Azərbaycan Respublikasına hər cür mebel, paltar, məişət texnikası, nəqliyyat vasitələri, ehtiyat hissələri və Azərbaycan Respublikasına iş üçün ezam olunan və ya səfər edən əməkdaşların və onların ailə üzvlərinin şəxsi istifadəsindən ötrü hər hansı şəxsi əmlakı (gömrük qanunveriliciyinə uyğun olaraq rüsumsuz gətirilməsinə icazə verilən ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatları daxil olmaqla) idxal və yenidən (təkrar) ixrac etmək hüququna malikdirlər.

Sertifikatın əldə olunması

Hər bir Protokolda Sertifikatın hansı qaydada əldə olunması müəyyən olunmuşdur. Ona görə də, hər şeydən əvvəl, şirkət hansı Sazişin bağlandığını və buna müvafiq hansı Protokolun ona şamil olunduğunu müəyyən etməlidir.

Sertifikatı ya podratçı tərəf, onun ortaq şirkəti, əməliyyat şirkəti və ya subpodratçı və ya onların agentləri əldə edə bilər. Podratçı və ya subpodratçı Sertifikatı almaq üçün Dövlət Gömrük Komitəsinə yazılı şəkildə ərizə ilə müraciət edir.

Qeyd olunduğu kimi, hazırda şirkətlər Sertifikatı əldə etmək üçün elektron qaydada müraciət edə bilərlər və bu elektron xidmət ödənişsizdir.

Protokollara əsasən Sertifikatın əldə olunması üçün aşağıdakı sənədlər tələb olunur:

Gömrük Komitəsinə müraciət ərizəsi; Vergilər Nazirliyi tərəfindən verilmiş dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti; Nizamnamənin/Əsasnamənin surəti; Dövlət reyestrindən çıxarışın surəti; Hasilatın pay bölgüsü haqqında Saziş iştirakçılığını təsdiq edən müqavilənin surəti; Müqavilə üzrə müvafiq illər ərzində idxal olunacaq malların siyahısı; Müddəti bitmiş əvvəlki Sertifikatın surəti (əgər ilk dəfə əldə etmək üçün müraciət etmirsə); Sıfır faiz (0%) dərəcəsi ilə ƏDV-yə cəlb olunma haqqında sertifikatın surəti (əgər varsa); Protokola Əlavə 3 (idxal və ixrac vergilərindən azadolma sertifikatı alması üçün ərizə); Protokola Əlavə 4 (subpodratçıların idxal və ixrac vergilərindən azadolma sertifikatı alması üçün ərizəyə əlavə)

Dövlət Gömrük Komitəsi yazılı ərizənin alınmasından sonrakı 30 təqvim gün ərzində müraciət etmiş şirkətə idxal və ixrac vergi və rüsumlarından azad olunma haqqında ərizənin aldığı gündən qüvvədə olan nömrələnmiş Sertifikat verir.

Dövlət Gömrük Komitəsi bu Sertifikatın verilməsindən imtina etdikdə müraciət etmiş şirkətə yazılı şəkildə imtinanın səbəbini izah edir. Belə halda müraciət edən şirkət inzibati qaydada və (ya) məhkəmə qaydasında şikayət verib imtina qərarını mübahisələndirə bilər.

Sertifikatı əldə edən əgər podratçı və ya əməliyyatçı şirkətdirsə, bu Sertifikat 5 il ərzində qüvvədə olur. Sertifikatı əldə edən subpodratçı olduğu təqdirdə isə, Sertifikat 1 il ərzində və ya subpodratçı ilə bağlanmış müqavilənin müddəti 1 ildən azdırsa, həmin müqavilənin qüvvədə olduğu müddətdə etibarlı olur.

Qeyd edək ki, Sertifikatın müddətini yeniləmək üçün yenidən müraciət olunur və müraciət yuxarıda qeyd olunan qaydada həyata keçir. Sertifikat yenilənən zaman əvvəlki Sertifikatın müddətinin bitib-bitməməsindən asılı olmayaraq təhvil verilməlidir. Sertifikat başqasına ötürülə və ya verilə bilməz və karbohidrogen əməliyyatları ilə bağlı biznes fəaliyyətləri bitdikdən dərhal sonra bütün cari Sertifikatlar Dövlət Gömrük Komitəsinə təhvil verilməlidir.

Sertifikat müddəti bitdikdən sonra yeni Sertifikat əldə olunana qədər Sertifikat sahibi müəyyən problemlərlə üzləşə bilər. Ona görə də, şirkət əvvəlki Sertifikatın müddəti bitməmiş yeni Sertifikatın əldə edilməsi üçün müraciət etməlidir.

Sertifikatın əldə olunması malların idxalı və ixracı zamanı gömrük qanunvericiliyindən irəli gələn tələbləri istisna etmir. Belə ki, hər bir halda mal idxal olunan zaman gömrük qanunvericiliynə müvafiq olaraq bəyan olunmalı və rəsmiləşdirilməlidir.

Tövsiyə

Təcrübədə Sertifikatın əldə edilməsi ilə bağlı müəyyən çətinliklər mövcuddur. Bu çətinlik əsasən idxal olunacaq malların siyahısı tərtib edilərkən həmin siyahıda xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (malların kodlarının) göstərilməsinə dair tələblə bağlıdır.

Malların kodları “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli qərarında əks etdirilmişdir.

Tövsiyə edirik ki, Sertifikat əldə edilməsi üçün müraciət edən şirkətlər idxal olunacaq malların siyahısında yazılmalı olan malların kodlarının düzgün göstərilməsindən əmin olsunlar. Bu məqsədlə, kodlarla bağlı məlumatı və təcrübəsi olan peşəkarlara müraciət etmək məqsədəuyğundur. Əks təqdirdə, malların kodları düzgün olunmadığına görə Dövlət Gömrük Komitəsi Sertifikatın verilməsindən imtina edə bilər. Sertifikat üçün yenidən müraciət etmək isə əlavə vaxt itkisinə səbəb ola bilər.

EKVİTA - hüquq, vergi və idarəetmə üzrə tam konsaltinq xidmətlərini göstərən 50 nəfər peşəkarlar heyətli bir şirkətdir. Şirkətin müştəriləri arasında Dünya miqyasında fəaliyyət göstərən Fortune 500 siyahısına daxil olan bir neçə fəal şirkət mövcuddur. EKVİTA şirkəti həmçinin, hökumət layihələrində iştirak etmiş və Dünya Bankı kimi beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq edir.

Şirkətin fərqi - ümumi biznes konsaltinqi ilə özündə hüquqi, maliyyə və vergilər sektorları üzrə kifayət qədər güclü təcrübəni birləşdirən peşəkar xidmətlərin kompleks şəklində göstərilməsidir.

EKVİTA-nın bazardakı lider mövqeyi beynəlxalq reytinq təşkilatları və digər müvafiq beynəlxalq standartlar tərəfindən tanınmışdır.

Xəbər lenti

Xəbər lenti