...

Vaqif Həsənov-70: Şərəfli müəllim, alim ömrü

Cəmiyyət Materials 22 İyun 2020 18:36 (UTC +04:00)
Vaqif Həsənov-70: Şərəfli müəllim, alim ömrü

Bakı. Trend:

Mən kimya üzrə fəlsəfə doktoru,dosent Vaqif Səməd oğlu Həsənovla 1967-ci il avqust ayının 1-də Azərbaycan Dövlət Pedaqoji İnstitutunun(indiki ADPU) Təbiyyat-kimya fakültəsinə qəbul olunmaq üçün kimya ixtisası üzrə qəbul imtahanında iştirak edərkən tanış oldum.Hər ikimiz orta məktəbi qızıl medalla bitirdiyimizə görə əsas korpusun III mərtəbəsində,o illərdə sıralanan 71 nömrəli auditoriyada imtahan verirdik.İmtahanda rektor Şövqi Ağayev, universitet partiya komitəsinin katibi Mürsəl Əliyev, Analitik və fiziki-kolloid kimya kafedrasının müdiri, professor Allahverdi Verdizadə,Üzvi kimya və kimya texnologiyası kafedrasının müdiri,dosent Əbdül Rzayev iştirak edirdilər. Hər ikimiz imtahandan “əla” qiymət alaraq universitetə qəbul olunduq. Vaqif Həsənov 331-ci qrupda, mən isə 332 –ci qrupda təhsil almağa başladıq.Təhsil aldığımız ilk illərdən onun oxumağa,öyrənməyə nə qədər həvəsli və maraqlı olduğunu gördüm.

Vaqif Həsənov 1950-ci il avqustun 1-də Qərbi Azərbaycanın Göyçə mahalının Krasnoselo rayonunun Toxluca kəndində müəllim ailəsində anadan olub.1957-1967-ci illərdə Toxluca kənd orta məktəbində təhsil alıb.Orta məktəbi qızıl medalla bitirib.1967-1971-ci illərdə ADPU-nun Kimya fakültəsində təhsil alıb. Ali məktəbi fərqlənmə diplomu ilə bitirib.Lenin təqaüdçüsü olduğu üçün təhsil aldığı ali məktəbdə saxlanılıb. Azərbaycan KP MK, Azərbaycan SSR Ali Sovetinin və Nazirlər Sovetinin orqanı olan “Kommunist” qəzetinin 31 yanvar 1971-ci il tarixli 26-cı nömrəsində baş səhifədə “Tələbə” adlı məqalədə Lenin təqaüdü alanlar arasında Vaqif Həsənovun adı özünü elmə həsr edən gənclər sırasında çəkilib.Həmçinin təhsil aldığı ali məktəbin mətbuat orqanı olan “Gənc müəllim” qəzetinin 22 aprel 1971-ci il tarixli 12-ci nömrəsində “Lenin təqaüdçüləri” başlıqlı məqalədə şəkli də olmaqla onun haqqında geniş yazı dərc edilib.Ermənistan KP Krasnoselo RK və Xalq Deputatları Sovetinin orqanı olan “Dostluq” qəzetinin 25 fevral tarixli 24 nömrəsində “Gələcəyin kimyaçısı” adlı məqalədə( məqalə o illərdə Filologiya fakültəsinin III kurs tələbəsi Səyyad Sadiq,hazırda ictimai-siyasi xadim olan Səyyad Aran tərəfindən yazılıb), habelə o illərdə nəşr olunan “Bakı” qəzetinin 17 iyun 1971-ci il tarixli 141-ci nömrəsində “Həyat vəsiqəsi almaq üçün” başlıqlı məqalədə onun dövlət imtahanını verməsi ilə bağlı yazı dərc edilib.

Vaqif Həsənov tələbəlik illərində yüksək qiymətlərlə oxumaqla yanaşı, fakültənin və universitetin ictimai həyatında fəal çalışıb,TEC-in fəal üzvi kimi elmi konfranslarda maraqlı məruzələrlə çıxış edib,elmi işə böyük marağı olub. TEC-in xətti ilə və D.İ.Mendeleyev adına ÜİKC-nin ADPU-nun təşkilatının fəal üzvü kimi Fəxri Fərmanla təltif olunub,1971-ci ildə keçirilən elmi konfranslarda elmi məruzə ilə çıxış edib,iki tezisi çap olunub.

Azərbaycan Respublikasının Ali və Orta İxtisas Təhsili Nazirliyinin göndərişi ilə 1971-ci ildə ADPU-nun Üzvi kimya və kimya texnologiyası kafedrasına laborant vəzifəsinə qəbul olunub. 1972-1973-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmət edib.Hərbi xidmət illərində dəfələrlə fəxri diplomlara layiq görülüb və hərbi hissənin qəzetində onun haqqında yazılar dərc edilib. Ordudan tərxis olunduqdan sonra 1973-cü ildə Üzvi kimya və kimya texnologiyası kafedrasında laborant işləməklə Üzvi kimya ixtisası üzrə aspiranturanın qiyabi şöbəsinə qəbul olunub.1984-cü ildə “Əvəzlialkanollar və arilizosianatlar əsasında karbamin turşusunun törəmələrinin sintezi və xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi (indi kimya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi alıb.1976–1989-cu illərdə Üzvi kimya tədris laboratoriyasının müdiri,1989–2011–ci illərdə “Yeni bioloji aktiv birləşmələr” elmi-tədqiqat laboratoriyasının müdiri,1991-1993-cü illərdə kafedrada baş müəllim,1993-cü ildən dosent,1997-ci ildən ADPU-nun Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri, universitet Elmi Şurasının və Təhsil Nazirliyinin Elm İdarəsi yanında Elmi-Metodik Şuranın üzvü olub.
1999-2004-cü illərdə ADPU-nun Elmi katibi və Tədris–metodiki şöbəsinin müdiri,2004-2011-ci illərdə Üzvi kimya və kimya texnologiyası kafedrasının müdiri,2006-2016-cı illərdə isə Kimya fakültəsinin dekanı,fakültə Elmi Şurasının sədri, universitet Elmi Şurasının üzvü olub.2013-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin kurikulum proqramı üzrə Dərslikləri Qiymətləndirmə Şurasının ( kimya fənni üzrə ) üzvü olub. 2005-ci ildə Təhsil nazirinin əmri ilə Gəncə Dövlət Universitetində (GDU) Kimya ixtisası üzrə Yekun Buraxılış Dövlət Attestasiyası Komissiyasının sədri olub. Müxtəlif illərdə Təhsil nazirinin əmri ilə Bakı Dövlət Universitetində (BDU) və Qərbi Kaspi Universitetində Attestasiya və Akkreditasiya Komissiyasının işində üzv kimi fəal iştirak edib.2007-2009-cu illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ( indiki DİM) ADPU üzrə Sənəd Qəbulu Komissiyasının məsul katibi,2010-2013-cü illərdə Sənəd Qəbulu Komissiyasının məsul katibinin müavini olub.Onun rəhbərliyi ilə 2000-2017-ci illərdə 23 nəfər magistrlik dissertasiyası müdafiə edib.

5 nəfərin Üzvi kimya ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin rəsmi opponenti olub.Onun rəhbərliyi ilə Kəmalə Osman qızı İsgəndərova kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Kükürd və azot tərkibli alkanolların ariluretan və tiouretan törəmələrinin sintezi və xassələri ” mövzusunda dissertasiya ( 2016) müdafiə edib. Türkiyə Respublikasının Ankara şəhərində Hacettepe Universitetində keçirilmiş “ Müəllim hazırlama siyasəti və problemləri” mövzusunda II beynəlxalq simpoziumda (2010) iştirak edib.

İstedadlı və tanınmış kimyaçı alim Vaqif Həsənov 350 elmi-metodik əsərin,o cümlədən 141 məqalənin (xaricdə 47,respublikada 94),84 tezisin (xaricdə 4,respublikada 80),1 dərsliyin,9 dərs vəsaitinin,25 metodik vəsaitin,61 fənn proqramının (bəziləri təkrar nəşr olunub),19 İxtira üçün alınmış Müəlliflik Şəhadətnaməsinin və 5 Azərbaycan Patentinin müəlliflərindən biridir.Adları aşağıda göstərilən dərslik, dərs vəsaiti, metodik vəsait və tövsiyələrin müəlliflərindən biridir:

“Üzvi sintez praktikumu”,Bakı – 1989 (dərs vəsaiti),“Bioloji kimyadan təcrübə məşğələləri”,Bakı – 1990 (dərs vəsaiti),“Həyat fəaliyyətinin kimyəvi əsaslarından praktikum”, Bakı – 2008 (dərs vəsaiti),“Üzvi kimyadan yoxlama variantları və onlara dair metodik göstəriş”, Bakı –2008 (metodik vəsait),“Yüksək molekullu birləşmələr kimyasından testlər”,Bakı – 2009 (metodik vəsait),“Üzvi kimyadan yoxlama testləri”,Bakı - 2009(metodik vəsait),“Üzvi kimya praktikumu”, Bakı – 2010 (dərs vəsaiti),“Bioloji kimyadan yoxlama variantları”, Bakı - 2010(metodik vəsait),“Üzvi sintez praktikumu”,Bakı – 2011 (dərs vəsaiti),“Üzvi kimya praktikumu”, Bakı – 2012 (dərs vəsaiti),“Kimya həvəskarları üçün”, Bakı - 2013(metodik vəsait),“Üzvi kimya terminləri”,Bakı – 2013 (metodik vəsait), “Dərman maddələrinin kimyası”,Bakı - 2015(dərs vəsaiti),“Yüksək molekullu birləşmələr kimyası”,Bakı-2016 (dərslik),“Karbohidratlar kimyası”,Bakı – 2016 (metodik vəsait),“Neft kimyası-1001 testdə”,Bakı - 2017(metodik vəsait). “Neft kimyası-1001 testdə” (yenidən işlənmiş),Bakı – 2019 (metodik vəsait),“Kimya olimpiadalarının təşkili və keçirilməsi”, Bakı-2019 (metodik tövsiyə). 1999-cu ildə çap olunmuş“Oğuz yurdunun övladları” kitabının l hissəsinin 221-ci səhifəsində onun haqqında geniş yazı dərc olunub.

Universitetin Tədris-metodiki şöbəsinin müdiri və fakültə dekanı işlədiyi vaxtlarda həmişə təhsilin dövlət standartlarının və tədris planlarının hazırlanması komissiyalarının işində fəal iştirak edib.Təkcə onu qeyd etmək istərdim ki, Kimya fakültəsinin dekanı işlədiyi illərdə onun tərəfindən 2006,2009 və 2014-cü illərdə iki ixtisas üzrə təhsilin dövlət standartları, tədris planları hazırlanıb və hazırda kimya müəllimliyi,kimya və biologiya müəllimliyi ixtisaslarında 2014-cü ildə təsdiq edilmiş tədris planları əsasında tədris aparılır.

Dosent Vaqif Həsənov 2004-cü ildə “XXI əsrin tanınmış alimi” Beynəlxalq diplomu ilə, 2006-cı ildə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə, 2012-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri Fərmanı ilə, 2013-cü ildə Yeni Azərbaycan Partiyasının “Veteranı” vəsiqəsi ilə təltif olunub.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.Ailəlidir. 3 övladı var. Övladları ali təhsillidir.

Yeri gəlmişkən, mən 1971-ci ildə təyinatla Naxçıvana müəllim işləməyə göndərildim.Sonradan Bakıya köçdükdə 1984-cü ildə Vaqif müəllimlə universitetdə yenidən qarşılaşdıq.Mən də onunla bir kafedrada işə başladım. Vaqif müəllim öz işinə olduqca bağlı, nizam-intizamlı, məsuliyyətli bir insandır.1985-ci ildə yeni korpusa köçdükdə kimya laboratoriyalarının təchizi ilə bilavasitə o məşğul olurdu. Biz yeni korpusa,boş otaqlara köçmüşdük.Laboratoriyaları qurmaq və təсhiz etmək bizim üzərimizə düşmüşdü.Böyük zəhmət və əziyyətlə olsa da, bu işin öhdəsindən layiqincə gəldik. Bu işdə tədris laboratoriyasının müdiri kimi Vaqif müəllimin zəhməti və fədakarlığı hamıdan çox oldu. Laboratoriyalar müasir avadanlıq və ləvazimatlarla təchiz olundu. Vaqif müəllimin belə fəaliyyəti hər zaman ön planda olub,bu gün də ön plandadır.O,əsas korpusun 12, 13 və 14-cü mərtəbələrində laboratoriyaların təchizi işində böyük əmək sərf edib.

Universitet TEC-nin sədri olduğu illərdə-1998,1999 və 2000-ci illərdə tələbələrin elmi konfransını təşkil edərək keçirib,universitetin tarixində ilk dəfə tələbələrin tezislərinin çapına nail olub və konfransların işi televiziyalar və media tərəfindən geniş işıqlandırılıb.Hazırda Kimya və biologiya fakültəsinin Analitik və üzvi kimya kafedrasının dosenti kimi uğurlu elmi-pedaqoji fəaliyyət göstərir.

Avqustun 1-də dosent Vaqif Həsənovun 70 yaşı tamam olur.Mən ömrün müdrik dövrünü yaşayan Vaqif müəllimi 70 illik yubileyi və elmi-pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə kafedranın əməkdaşları adından ürəkdən təbrik edir,ona möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər arzulayıram. Xüsusi qeyd etmək istəyirəm ki, hazırda ADPU-nun 100 illik yubileyinə hörmətli rektorumuz,professor Cəfər Cəfərovun rəhbərliyi ilə ciddi hazırlıq işləri aparılır, universitetin keçdiyi böyük və şərəfli yolun tarixi və fəaliyyəti ilə bağlı kitab hazırlanır. Vaqif Həsənov da ADPU-nun 1971-ci il məzunu kimi universitetin 100 illik yubileyinin keçirilməsini səbirsizliklə gözləyir və bu hazırlığa öz töhfəsini vermək üçün var gücü ilə çalışır. Vaqif müəllimə bu müqəddəs və şərəfli yolda böyük uğurlar arzulayıram.

İsa Cəfərov,
ADPU-nun Kimya və biologiya fakültəsinin Analitik və üzvi kimya kafedrasının dosenti

Məqalədə:
Xəbər lenti

Xəbər lenti