Bakı. İlhamə İsabalayeva – Trend:
Əslində, ermənilərin Ermənistanda yaşayan azərbaycanlılara qarşı güclü təzyiqləri 1988-ci ildə deyil, daha əvvəl başlanılmışdı, onlar özlərinin deportasiyaya hazırlıq planlarını yarı gizli, yarı açıq formada həyata keçiriblər.
Bunu Trend-ə Ermənistandan deportasiya edilmiş Hidayət Bayramov deyib.
Ermənistanın Vardenis rayonunun Daşkənd kəndində doğulub boya-başa çatan H.Bayramov qeyd edib ki, hələ sovet dövründə Ermənistanda azərbaycanlılara qarşı baş verən prosesləri çox aydın şəkildə görür, azərbaycanlıların ciddi şəkildə sıxışdırılırdığını müşahidə edirdi.
H.Bayramovun sözlərinə görə, həmin zamanlarda Ermənistanda yaşayan azərbaycanlılar ermənilər tərəfindən ölümlə hədələnirdi, azərbaycanlıların evlərinə hücumlar edirdilər .
O, 1988-ci ildə bütün bu təzyiqlərə görə yaşadığı doğma kəndini tərk edərək Azərbaycana qaçmağa məcbur olduğunu söyləyib:
”Ermənilər bilərəkdən bizim ərzaq məhsulları ilə təminatımıza maneə yaradırdılar, çünki bizi ac qoymaq istəyirdilər. Kəndimizə bütün giriş-çıxış yollarını bağlamışdılar ki, heç kimdən yardım ala bilməyək. Azərbaycanlılar daim ermənilər tərəfindən təhqirlərə məruz qalırdı. Edilən hücumlara, təqiblərə, təhqirlərə görə mənim üçün çox doğma olan kəndimi ailəmlə birlikdə tərk etmək məcburiyyətində qaldım. Ancaq bu qədər təzyiq göstərmələrinə baxmayaraq, ermənilər bizə rayondan sakitliklə çıxmağımıza da imkan vermirdilər. Ona görə rayonu gecə saatlarında, gizli şəkildə tərk etməyə məcbur olduq”.
Hazırda Bakıda məskunlaşan H.Bayramov deyib ki, Sumqayıt hadisələri baş verdikdən sonra artıq Ermənistanda azərbaycanlıların yaşaması qeyri-mümkün idi:
“Mən hesab edirəm ki, Sumqayəıt hadisələri bu məsələdə bir qığılcım rolunu oynadı. Ermənilər Sumqayıt hadisələrini bəhanə gətirərək Ermənistanda yaşayan azərbaycanlılara qarşı çox kəskin təzyiqlər etməyə başladılar. Sumqayıtda yaşayan ermənilərin Ermənistanın azərbaycanlılar yaşayan rayonlarında məskunlaşdırılması bu münaqişənin süni şəkildə daha da alovlanmasına səbəb oldu. Çünki Sumqayıt erməniləri bu hadisələrin baş verməsinə görə azərbaycanlıları günahkar bilirdilər. Bunun da nəticəsində Ermənistanda yaşayan azərbaycanlılarla Sumqayıt erməniləri arasında tez-tez iğtişaşlar baş verməyə başladı”.
Xatırladaq ki, ermənilər Ermənistandakı azərbaycanlıların deportasiyasını Sumqayıt hadisələrindən sonra baş vermiş hadisə kimi təqdim etməyə maraqlı olsalar da, deportasiya əslində, bu hadisələrdən əvvəl - 1988-ci il yanvarın 20-dən başlayıb. 1988-ci il anvarın 20-dən etibarən Ermənistanın azərbaycanlılar yaşayan müxtəlif ərazilərindən Azərbaycana qaçqınlar gəlməyə başlayıb. Yanvarın 20-dən Sumqayıt hadisələrinin baş verdiyi tarixə qədər 4000-dən çox azərbaycanlı Ermənistandan qovulmuşdu.