...

Ekspert: Övladlarının təhsili ilə bağlı valideynlərə pandemiyaya görə seçim imkanının verilməsi bir çox ölkələrdə istifadə edilir

Cəmiyyət Materials 11 Sentyabr 2020 11:25 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Pandemiya dövründə Azərbaycanda valideynlərə övladlarının hansı formada təhsilə cəlb edilməsi ilə bağlı seçim imkanının verilməsi təcrübəsi bir çox ölkələrdə istifadə edilir.

Bunu Trend-ə təhsil eksperti Elçin Süleymanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda da Təhsil Nazirliyi bu məsələdə seçim imkanını valideynlərə verməklə onlarda yarana biləcək narahatlığı aradan qaldırıb:

"Təhsil Nazirliyi bu məsələdə seçimi ona görə valideynlərə buraxır ki, bəzi şəxslər övladlarının məktəbə gedib orada xəstələnə bilməsi ilə bağlı çox narahatlıq keçirə bilərlər. Buna görə valideynlərə seçim verilir ki, ya uşaq məktəbə gəlsin, ya da evdə uşağın tədris prosesinə keyfiyyətli qoşulması üçün imkan varsa, o, onlayn tədrisə cəlb edilsin. Onu qeyd etmək lazımdır ki, bu seçimin edilməsi zərurətdir. İnsan sağlamlığı təhsildən daha əhəmiyyətlidir. Ona görə xəstəlik risklərinin azalması üçün təhsil müəssisələrinin yükünün azalması doğru addımdır. Bu təcrübədən bir çox ölkələr istifafə edir və onların nəticələri ürəkaçandır. Bu təcrübə yeni tədris ilində qonşu ölkələrdə də istifadə ediləcək".

Ekspert qeyd edib ki, valideynlərin ev şəraiti və onların işləyib-işləməməsindən asılı olaraq, övladlarının təhsil prosesinə nəzarət imkanları fərqlidir. Valideynlərin bir hissəsi işlədiyindən onların evdə övladlarının təhsilinə nəzarət etməsi çətin ola bilər. Lakin bütün bunlara baxmayaraq, hazırkı şəraitdə tam onlayn sistemdən hibrid modelə keçmə daha effektiv addımdır. Çünki şagirdlər məktəbə getməklə "sinif atmosferi"ni yaşayırlar, bəzi günlərdə isə evdən - uzaqdan təhsil metodu ilə tədrisə qoşulurlar.

Xatırladaq ki, Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən "Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" tədris planları təsdiq olunub.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə təşkil olunacaq.

Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır.

Dərslər epidemioloji vəziyyətdən və məktəbdə şagird sıxlığından asılı olaraq müəyyən edilmiş qaydada təşkil ediləcək. Həmçinin, dərs cədvəllərinin tərtibatı təhsil müəssisələri tərəfindən həyata keçiriləcək. Valideynlər övladlarının hansı formada təhsilə cəlb olunması ilə bağlı seçim edə biləcəklər. Eləcə də ibtidai sinif şagirdlərinin valideynləri sentyabrın 11-dən övladlarının əyani tədrisə cəlb olunmaları ilə bağlı məlumatı birbaşa təhsil müəssisələrindən əldə edə biləcəklər. Ümumi orta və tam orta təhsil səviyyələrində oxuyan şagirdlərin də virtual dərs cədvəlləri həmin tarixdən müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti