...

Ekspert: Müəllimlər onlayn dərslərdə daha interaktiv metodlardan istifadə etməlidirlər

Cəmiyyət Materials 17 Sentyabr 2020 14:56 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Onlayn dərslər canlı ünsiyyəti əvəz etmədiyindən müəllimlər dərskeçmə zamanı daha interaktiv metodlardan istifadə etməlidirlər:

Bunu Trend-ə təhsil eksperti Elçin Süleymanov deyib.

Mütəxəssis bildirib ki, onlayn dərs prosesində müəllimlərin kameranın arxasında qalmasının, onların təhsilalanlarla canlı ünsiyyət qura bilməməsinin, həmçinin emosiya və duyğularını nisbətən az ötürməsinin şagirdlərə təsiri var:

“Məlumdur ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırıldı. Təhsil Nazirliyinin gərgin əməyi sayəsində proses teledərslər, virtual məktəb layihəsi və onlayn dərslərin köməyi ilə həyata keçirildi. Onlayn dərslər, əsasən, "Skype", "Zoom", "Microsoft Teams" və "Hangouts Meet" proqramları vasitəsi ilə aparıldı. Distant təhsil forması və onlayn dərslər internet üzərindən aparıldığı üçün müəyyən texniki problemlərin və avadanlıq nasazlığı sıxıntılarının yaranması qaçılmaz oldu. Xüsusilə, regionlarda bu problemlər özünü daha aydın formada göstərdi. Amma buna rəğmən prosesi idarə etmək mümkün oldu. Yeni tədris ilində proses hibrid model olaraq sinifdə əyani və evdə onlayn formada davam etdiriləcək. Onlayn dərs prosesində müəllimlərin kameranın arxasında qalmasının, onların təhsilalanlarla canlı ünsiyyət qura bilməməsinin, həmçinin emosiya və duyğularını nisbətən az ötürməsinin şagirdlərə təsiri var. Belə dərslər canlı ünsiyyəti əvəz etmədiyindən yeni modeldə təhsilverənlərin daha interaktiv metodlardan istifadəsi zəruridir”.

E.Süleymanov əlavə edib ki, onlayn dərs prosesi bilvasitə şagirdlərin ev mühitində keçirildiyindən valideynlərin də bu prosesdə iştirakı vacibdir. Belə ki, valideynlər onlayn dərslərin keçirilməsi zamanı övladlarının yanında olmalı, dərs prosesini təşkil etməkdə müəllimə kömək göstərməli, dərslərin effektiv keçməsi üçün şərait yaratmalıdırlar. Müəllimlərin İKT bacarıqları, veb-resurslardan istifadə səriştələri də bu prosesin effektivliyinə təsir edən amillərdəndir.

Ekspert müəyyən çatışmazlıqlara baxmayaraq, distant təhsilin bir sıra üstünlüklərinin də olduğunu açıqlayıb. Onun sözlərinə görə, distant təhsil zamanı şəxs üçün psixoloji komfort durumu yaranır, o, zamana qənaət etmiş olur. Bununla yanaşı, gələcək üçün lazım ola biləcək distant təhsil ilə işləmək bacarıqları inkişaf edir, əlavə tədris materiallarının daha dərindən öyrənilməsi imkanı yaranır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti