...

“Old Spice” və “Neftçi” tərəfdaşlıq haqda müqavilə imzalayıb

Cəmiyyət Materials 15 Oktyabr 2021 17:30 (UTC +04:00)
“Old Spice” və “Neftçi” tərəfdaşlıq haqda müqavilə imzalayıb

Bakı. Trend:

Procter&Gamble şirkəti Azərbaycan futboluna dəstək məqsədilə daha bir addım atıb. “Old Spice” brendi ilə “Neftçi” Peşəkar Futbol Klubu arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Bir il ərzində qüvvədə olacaq müqavilə birgə reklam və marketinq fəaliyyətlərini nəzərdə tutur. Bu müddətdə klubun əsas komandasının ev oyunlarının keçirildiyi stadionda brendin marketinq aksiyaları, hər oyun zamanı, həmçinin məşqlərdə meydançanın kənarında brend reklamı, brend fəaliyyətlərində birgə iştirak, “Neftçi” futbolçularının Old Spice reklamlarında iştirakı, sosial media səhifələrində və kluba məxsus “Neftçi TV”də tanıtım planlaşdırılıb.

“İnsanların səhhətinə diqqətin yüksəldiyi zamanda sağlam nəsillər yetişdirməyin vacibliyini bir daha dərk edirik. Azərbaycanda, demək olar ki, hər evdə 1 məhsulu olan, geniş marketinq və reklam fəaliyyətləri həyata keçirən P&G futbola dəstək verməklə bu idman növünə gənclər arasında marağın artmasına çalışır,” - Procter&Gamble şirkətinin Qafqaz və Orta Asiya respublikaları üzrə baş direktoru Değer Kurtaslanoğlu “Neftçi” PFK ilə tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimində belə deyib. ““Neftçi” Azərbaycanın tarixi komandasıdır və özü bir brenddir. Böyük azarkeş kütləsinə malikdir və bu da bizə mesajımızı kifayət qədər geniş auditoriyaya çatdırmağa imkan verə biləcək. Biz yüz minlərlə insanın sevimlisi olan futbolçuları öz istehlakçılarımıza daha yaxın edəcəyik. Tərəfdaşlıq üçün “Old Spice” brendini seçməyimizə səbəb isə bu brendin məhsullarının xüsusilə fiziki cəhətdən aktiv kişilərin gigiyenası üçün nəzərdə tutulmasıdır. Bu məhsulların özəlliyini göstərmək üçün bir futbol komandasından daha yaxşı seçim nə ola bilərdi ki?!” – P&G rəsmisi əlavə edib.

“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev dünyada baş verən son hadisələrin – COVİD-2019 pandemiyasının futbol sənayesindən də yan keçmədiyini vurğulayıb. “Bu bir daha öz təsdiqini tapdı ki, klubların yaşaması və fəaliyyətini genişləndirməsi üçün güclü dayağa və dəstəyə ehtiyac var. Klub olaraq güclənməyimiz və inkişaf etməyimiz üçün bir çox nüfuzlu şirkətlərlə əməkdaşlıq edirik. Sevindirici haldır ki, bu gün onların arasına daha biri daxil oldu. Fürsətdən istifadə edib onlara “xoş gəldiniz” deyirəm və şirkət rəhbərliyinə təşəkkürümü çatdırıram. Procter&Gamble bu gün məhsulları ilə dünyada, deyərdim ki, hər bir ailənin evində özünə yer edib. Onun “Old Spice” brendi Azərbaycan bazarında kişilərin istifadə elədiyi ən öndə gələn gigiyena markasıdır. Əminəm ki, bu gün imzalanan müqavilə hər iki tərəf üçün xeyirli olacaq və gələcəkdə bu əməkdaşlıq daha da inkişaf edəcək,” – “Neftçi” PFK-nın prezidenti deyib.

İmzalanma mərasimindən sonra tərəfdaşlar “Neftçi” PFK-nın əsas ev oyunlarının keçirildiyi stadionu gəziblər.

Qeyd edək ki, P&G 2018-ci ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə tərəfdaşlıq edir. Bu tərəfdaşlıq çərçivəsində şirkətin “Head and Shoulders” və “Gillette” brendlərinin marketinq fəaliyyətləri üzrə birgə addımlar atılıb.

Procter & Gamble (P&G) haqqında

P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers, Tide, Ariel, Head & Shoulders, Always, Pantene, Fairy, Blend-a-med, Oral-B, Gillette, Safeguard kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti