...

Üfüqlərdə parlayan smart gəncliyin müjdəçisi – “TEKNOFEST Azərbaycan” (FOTO)

Cəmiyyət Materials 3 İyun 2022 19:09 (UTC +04:00)
Üfüqlərdə parlayan smart gəncliyin müjdəçisi – “TEKNOFEST Azərbaycan” (FOTO)

Bakı. Trend:

Bakı 26 – 29 may tarixlərində regionun ən böyük aerokosmik və texnologiya festivalına ev sahibliyi edərək tədbirin olduqca möhtəşəm və uğurlu təşkilinə nail oldu. “Sabahın ixtiraçılarının bu gündən hazırlanması”nı əsas hədəf götürmüş festival nə ilə yadda qaldı?

Türkiye Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “TEKNOFEST Azərbaycan” festivalı 2022-ci ilə öz damğasını vurdu. Belə ki, pilot layihə olaraq “TEKNOFEST”in Azərbaycanda ilk dəfə keçirilməsinə baxmayaraq 1000 komanda və 5000 nəfər öz texnoloji məhsulları, “ağıllı həllər”i və innovativ layihələri ilə festivalın iştirakçısı statusunu qazanmaq uğrunda mübarizəyə baş vurdu. Festivala göstərilən böyük maraq və çoxsaylı müraciətləri nəzərə alaraq Təşkilat komitəsi bir sıra müsabiqələrin son müraciət tarixini uzatdı. Münsiflər heyətinin qiymətləndirməsindən sonra 167 komanda festivalın iştirakçısı statusunu qazandı.

“TEKNOFEST Azərbaycan” çərçivəsində 3 beynəlxalq tədbir və 8 texnoloji müsabiqə keçirildi. Məqsəd istedadlı gəncləri bir araya toplamaq, smart gəncliyin formalaşmasına təkan vermək və texnoloqlardan ibarət insan kapitalının məlumat bankını toplamaq idi. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, “TEKNOFEST”in keçirilməsində əsas fəlsəfə istedadlı gəncləri milli texnologiyaların təşviqinə sövq etmək, milli innovativ texnologiyaların hesabına xarici texnologiyalardan asılılığı minimuma endirməkdir.

Niyə məhz 3 beynəlxalq tədbir və 8 müsabiqənin keçirilməsi böyük önəm kəsb edirdi?

Regionun ən böyük startap tədbiri

“Take Off Baku’’ beynəlxalq startap sammiti regionun ən böyük startap tədbiri olaraq tarixə düşdü. Sammit Azərbaycan startaplarının qlobal inteqrasiyasına dəstək istiqamətində beynəlxalq ekspertlər, mentorlar, investorlar və Vençur fondlarla birgə əməkdaşlıq üçün əlverişli mühit formalaşdırdı. Eyni zamanda, sözügedən tədbir Azərbaycanı regionun yeni və cəlbedici innovativ məkanı olaraq beynəlxalq ictimaiyyətə daha yaxından tanıtdıra bildi.

Qeyd edək ki, tədbirdə iştirakla bağlı 32 ölkədən daxil olmuş startap müraciətləri “5 matrix” prinsipinə əsasən təsnifatlandırılıb. Azərbaycan da daxil olmaqla 7 ölkədən 50 startap isə festivalın iştirakçısı statusunu qazanıb. İştirakçı startaplar təhsil sahəsində 9, “Fintech” üzrə 5, səhiyyə üzrə 2, “Ağıllı şəhər” üzrə 7, nəqliyyat və logistika üzrə 2, infrastruktur və təhlükəsizlik üzrə 2, əyləncə üzrə 3, sosial sahə üzrə 8, “Media&Ads” üzrə 1 və digər sahələr üzrə 11 təkliflə investorlar qarşısında təqdimatla çıxış ediblər.

Təqdim edilmiş layihələrin ümumi məhsulunun 80%-i proqram, 20%-i isə aparat təminatını təşkil edib.

Yerli və beynəlxalq ekspertlərdən ibarət münsiflər heyətinin rəyinə əsasən 50 startapdan 25-i finala vəsiqə qazanıb. Finala vəsiqə qazanmış 25 startapdan 14-ü Azərbaycanı, 4-ü Türkiyəni, 3-ü ABŞ-ı, 1-i Misiri, 1-i Pakistanı, 1-i Argentinanı, 1-i Estoniyanı təmsil edib. Bu mərhələnin özü Azərbaycan startaplarının rəqabətə davamlılığını və səriştəlilik göstəricilərini aydın nümayiş etdirib.

Beynəlxalq tədbirin final mərhələsində startap komandaları pitçinq sessiyası təşkil edərək sualları cavablandırıblar. “Take Off Baku” Startap Sammitinin qalibi 1-ci yer üzrə ABŞ-ın “Resepta” startapı (layihənin adı: elektron qəbzlərin yaradılması sistemi), 2-ci yer üzrə Azərbaycanın “E-Point” startapı (layihənin adı: ödəniş sisteminin inteqrasiyası texnologiyası), 3-cü yer üzrə Türkiyənin “Co-Print” startapı (layihənin adı: 3D texnologiyası) olub.

Qalib seçilmiş layihələr regionda ilklər silsiləsindən hesab edilərək beynəlxalq investorların diqqətini cəlb edib. Birinci yerin qalibi “Resepta” startapı azərbaycanlılar tərəfindən ABŞ-da təsis edilib. Azərbaycanın “E-Point” startapının 2-ci yerdə qərarlaşması da olduqca qürurvericidir və yerli startap ekosisteminin inkişafının təzahürüdür.

“Take Off Baku” Startap Sammitinin qaliblər üçün mükafat fondu 1-ci yer üçün 15 min ABŞ dolları, 2-ci yer üçün 10 min ABŞ dolları, 3-cü yer üçün 5 min ABŞ dolları təşkil edib.

Mükəmməl hakaton nümunəsi

“Smart Qarabağ” Hakatonu – gənclər “ağıllı həllər”i ilə Qarabağın dirçəldilməsinə coşqu ilə töhfə vermək istəyirlər.

Bu, Azərbaycan tarixində misli görünməmiş hakaton nümunəsi hesab edilə bilər. Belə ki, gənclər işğaldan azad olunmuş ərazilərin rahat, ekoloji təmiz regiona transformasiyasına, sakinlər və sahibkarlar üçün münbit ekosistemin yaradılması və kənd təsərrüfatı üçün daha səmərəli şəraitin qurulmasına dəvət edilib.

“Əşyaların interneti”, “Süni zəka”, “Maşın öyrənilməsi”, “Bulud” və digər aparıcı texnologiyaları özündə cəmləşdirən “Ağıllı şəhər” konsepsiyası üzrə keçirilən “Smart Qarabağ” Hakatonu təhsil, nəqliyyat, kənd və ev təsərrüfatı, enerji və su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrini əhatə edib.

Ümumilikdə 188 proqramçı və texnologiya həvəskarı “Ağıllı şəhər” konsepsiyası üzrə təşkil olunmuş yarışmaya müraciət ünvanlayıb. Azərbaycandan, ümumilikdə 131 nəfər beynəlxalq tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib. Bununla yanaşı, “Smart Qarabağ” Hakatonunda iştirakla bağlı Türkiyə Respublikasından 57 müraciət daxil olub. Münsiflər heyətinin dəyərləndirməsinə əsasən 20-si Azərbaycan, 10-u isə Türkiyə təmsilçilərindən ibarət komandalar festivalın iştirakçısı statusunu qazanıb.

Komandalar öz “ağıllı həllər”ini cəmi 50 saat ərzində formalaşdıraraq münsiflər heyətinə təqdim ediblər. Münsiflər heyəti mövzunun aktuallığı, konsepsiya və plan, həmçinin komandanın səriştəlilik potensialı, təqdimat bacarığı, istifadə olunan yeni texnologiyalar və təklif edilən texniki həllər, o cümlədən layihənin iqtisadi səmərəliliyi və reallaşma potensialını əsas götürərək qalib komandaları müəyyən edib.

Azərbaycanın “Safe Karabakh” komandası – “Safe Karabakh” mobil tətbiqi I yerin, Türkiyənin “Sytematör” komandası – SİNA dronu (Əkinçilik sahəsində zərərvericilərə qarşı istifadə olunan və ərazini dərmanlayan dron) II yerin, Türkiyənin A komandası – “Dayanıqlı ekoloji ağıllı şəhər modeli” III yerin qalibi olub. Qalib komandalar, həmçinin Şuşaya getmək və işğaldan azad edilmiş əraziləri canlı olaraq görmək fürsəti əldə ediblər. Onlar Qarabağda normal həyata qayıdış təşəbbüsləri ilə çıxış etdikləri üçün böyük iftixar hissi keçiriblər.

Qeyd edək ki, “Smart Qarabağ” Hakatonu üzrə mükafat fondu 1-ci yer üzrə 10 min ABŞ dolları, 2-ci yer üzrə 5 min ABŞ dolları və 3-cü yer üzrə isə 3 min ABŞ dolları təşkil edib.

Kiber idman üzrə Avropanın ən güclü atletlərini müəyyən edən çempionat

“Rocket League” üzrə Avropa Çempionatı – Kiber idman üzrə Avropanın ən güclü atletləri Bakıda müəyyənləşdi.

Yeniyetmə və gənclərin sevdiyi “Rocket League” üzrə çempionatda Azərbaycan da daxil olmaqla Avropanın 11 ölkəsini təmsil edən kiber atletlər final mərhələsində iştirak ediblər. Niderland komandası çempionatın qalibi elan olunub. Onlar finalda İsveç komandasına qalib gəliblər.

“Tekken 7” üzrə Azərbaycan, Fransa, Gürcüstan, İsrail, İtaliya, Macarıstan, Şimali Makedoniya, Malta, Monako, Monteneqro, Polşa, Serbiya, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən ümumilikdə 17 iştirakçı mübarizəyə qoşulub. Qalib İtaliya komandası elan olunub. Onlar finalda Gürcüstan komandasına qalib gəliblər. “Rocket League” və “Tekken 7” yarışması üzrə ümumi mükafat fondu 20 min ABŞ dolları təşkil edib.

“TEKNOFEST Azərbaycan” müsabiqələri: Yerdən səmaya

8 texnoloji müsabiqənin keçirilməsi isə yuxarı sinif şagirdlərini, tələbələri və fərdi sahibkarları inanılmaz beyin fırtınasına sövq edib.

Maraqlı müsabiqələrdən biri “Baku Skills” olub. Müsabiqənin keçirilməsində əsas məqsəd 3D çap texnologiyasından mükəmməl istifadə edən istedadları aşkara çıxarmaq idi. 3D çap ən inqilabi texnologiyalardan biridir və gənc nəslin müvafiq texnoloji imkanlardan effektiv bir şəkildə istifadə etməsi günümüzün əsas tələblərindəndir.

Festival çərçivəsində ümumilikdə 25 komanda iştirakçı statusu qazanıb. Qalib komandalar isə A kateqoriyası (yuxarı sinif şagirdləri) üzrə I yeri Texniki liseylərin “DN4” komandası, II yeri “Metaverse” komandası, III yeri “SUMbuilders && 81”, B kateqoriyası (tələbə və məzunlar) üzrə I yeri Bakı Mühəndislik Universitetinin “RED” komandası, II yeri “MECHANICS” komandası, III yeri “Alfa” komandası tutub. “Baku Skills” müsabiqəsi üzrə mükafat fondu A kateqoriyası üzrə I yer – 4000 AZN, II yer – 2000 AZN və III yer – 1000 AZN təşkil edib. B kateqoriyasını təmsil edən tələbələr üçün mükafat fondu I yer – 6000 AZN, II yer – 4000 AZN, III yer isə – 2000 AZN təşkil edib.

Pilotsuz Uçuş Aparatları – 44 günlük Vətən müharibəsində xüsusi missiyası və inanılmaz nəticələri ilə yadda qalan “Pilotsuz Uçuş Aparatları” (PUA) müsabiqəsinin keçirilməsi isə Azərbaycan gənclərində olduqca böyük maraq doğurdu. Müsabiqədə tələbələrə həvalə olunan tapşırıqlar elektronika, mexanika və proqramlaşdırma sahələrində nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişafına imkan verib.
Müsabiqənin şərtlərinə əsasən qeydiyyatdan uğurla keçmiş tələbələrdən ibarət komandalar müxtəlif tipli PUA modellərini layihələndirməli idi. Seçim əsnasında 10 Azərbaycan və 4 Türkiyə komandası festivalın finalında mübarizə aparıb.

B kateqoriyası (tələbələrdən ibarət komandalar) üzrə I yerin qalibi Milli Aviasiya Akademiyasının “MockingJay” komandası, II yerin qalibi Türkiyənin “SaWar” komandası, III yerin qalibi isə “Hərbi Hava Qüvvələri” komandaları olub. “PUA” müsabiqəsi üçün mükafat fondu – I yer üçün 6000 ABŞ dolları, II yer üçün 4000 ABŞ dolları, III yer üçün isə 2000 ABŞ dolları təşkil edib.

“Robotexnika’’ müsabiqəsi insanlara və müəssisələrə gündəlik fəaliyyətdə, istehsalatda və hətta kosmosda faydalı ola bilən hər hansı bir işin müəyyən hissəsini yerinə yetirə bilən, mürəkkəb mexanizmləri sadələşdirən, hətta əyləncə funksiyasını yerinə yetirən robotların dizayn edilməsini hədəf seçmişdi. Müsabiqə məktəblilər arasında xüsusi marağa səbəb olub. Ümumilikdə isə həm məktəblilər, həm də tələbələrdən ibarət 21 komanda festivalda iştirak hüququ qazanıb.

Bu müsabiqədə şəhidlərimizin övladlarından ibarət “Zəfər” komandasının iştirakı olduqca böyük rəmzi məna daşıyıb. Qəhrəmanlarımızın övladları elm və innovasiya sahəsində də zəfərə nail olmaq, texnoloji suverenliyin bərqərar olması istiqamətində əzmlə çalışmaqdadırlar.

Müsabiqədə Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Baku Strak”, B kateqoriyası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “MECHANİCS” komandası birinci yeri tutub. A kateqoriyası üzrə II yerə Qarabağ şəhidlərinin övladlarından ibarət “Zəfər” komandası, III yerə “Pitch Division” komandası, B kateqoriyası üzrə II yerə “Oğuz” (BANM) komandası, III yerə “Hi-Tech” komandası layiq görülüb.

Yuxarı sinif şagirdləri (7 – 11-ci siniflər) A kateqoriyasına daxil olmaqla onlar üçün mükafat fondu I yer üçün 4000 manat, II yer üçün 2000 manat, III yer üçün 1000 manat təşkil edir. B kateqoriyasını təmsil edən universitet tələbələri üçün mükafat fondu I yer – 6000 AZN, II yer – 4000 AZN, III yer – 2000 AZN təşkil edib.

“AgroTech’’ müsabiqəsinin keçirilməsində əsas məqsəd isə irəli sürüləcək yeni texnologiyalarla həm əhalinin rifahının yaxşılaşdırılmasına, həm də ölkə iqtisadiyyatının inkişafına dəstək göstərmək olub.
Komandalar son illərdə kənd təsərrüfatı sahəsində ən çox müşahidə olunan problemlər üzrə məsələlər, məsələn: meşə və bitki örtüyünün xeyli seyrəlməsi, mədən yataqlarının qeyri-adekvat istismarı, həddindən artıq otlaq sahələri, uyğun olmayan əkin dövriyyəsi, qeyri-mütənasib gübrə istifadəsi və qlobal iqlim dəyişikliyi nəticəsində məhsuldarlığın azalmasının qarşısının alınması istiqamətində innovativ həllərlə çıxış ediblər.

Festivala ümumilikdə 19 komanda vəsiqə qazanaraq stendlərlə çıxış edib. B kateqoriyası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “BlizzardTS”, C kateqoriyası üzrə Pekin Texnologiya İnstitutunun “Deltask” komandası qalib olub. B kateqoriyası üzrə II yerin qalibi “DEMETRA” komandası, III yerin qalibi “Həkəri” (BANM) komandası, C kateqoriyası üzrə II yerin qalibi “Slifer” komandası, III yerin qalibi “AQRO ZAQATALA” komandası olub. Həm B (tələbələr) həm də C (startap və fərdi sahibkarlar) kateqoriyası üzrə mükafat fondu 1-ci yer üzrə 6000 AZN, 2-ci yer üzrə 4000 AZN və 3-cü yer üzrə 2000 AZN təşkil edib.

“Sosial yönümlü texnologiyalar’’ müsabiqəsində iştirak edən namizədlər sosial innovasiya, “GovTech”, sağlamlıq və ilkin yardım kateqoriyaları üzrə öz innovativ həll yollarını təqdim edə biliblər. Bu sahələrdə innovasiya və texnologiyaların orijinal və milli resurslarla həyata keçirilməsi əsas hədəf olub.

Sosial innovasiya, “GovTech”, sağlamlıq və ilkin tibbi yardım kateqoriyalarını əhatə edən yarışma üzrə 20 komanda festivala vəsiqə qazanıb. B kateqoriyası üzrə ADA Universitetinin “FingerTalk”, C kateqoriyası üzrə Qərbi Kaspi Universitetinin “DEC” komandası ilk yeri qazanıb. B kateqoriyası üzrə II yerin qalibi “TwoDice SABAH” komandası, III yerin qalibi “Həkəri” (BANM) komandası, C kateqoriyası üzrə II yerin qalibi “KRİPT10” komandası, III yerin qalibi “Nano” komandası olub. Həm B (tələbələr), həm də C ( startap və fərdi sahibkarlar) kateqoriyası üzrə mükafat fondu 1-ci yer üzrə 6000 AZN, 2-ci yer üzrə 4000 AZN və 3-cü yer üzrə 2000 AZN təşkil edib.

“Həvəskar Peyk Modelləşdirilməsi’’ müsabiqəsi tələbələrin kosmik sahədə nəzəri və yeni praktiki biliklər qazanması, xüsusilə peyk modelləşdirilməsi və onun idarə olunması sahəsində yerli mütəxəssislərin hazırlanması məqsədini daşıyıb.

Həmçinin hər bir komanda kiçik peyk modeli hazırlayaraq müsabiqəyə təqdim edib. Peyk modeli müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra sensorlardan lazımi məlumatları toplamaq funksiyasının yerə eniş edənə kimi dəqiq yerinə yetirilməsi əsas şərt olub. Festivala vəsiqə qazanmış 5 komanda Hacıqabul aerodromunda sınaq uçuşlarını keçirib.

Münsiflər heyətinin yekun rəyinə əsasən, Bakı Ali Neft Məktəbinin “İstiqlal” komandası qalib elan olunub. II yerə Milli Aviasiya Akademiyasının “SatELIT”, III yerə isə M. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “MSU-Space” komandası layiq görülüb. Sözügedən müsabiqə üzrə mükafat fondu I yer – 6000 AZN, II yer – 4000 AZN, III yer – 2000 AZN təşkil edib.

Ən maraqlı yarışlardan biri də “Planer’’ müsabiqəsi olub. Müsabiqə çərçivəsində azərbaycanlı tələbələr əfsanəvi “ASW 28” planer modelinin hazırlanmasında yaxından iştirak ediblər. Tələbələrdən ibarət komandalar təyyarə və hava gövdəsi üçün nəzərdə tutulan avadanlıqların dizayn edilməsini, dəqiq telemetriya, proqramlaşdırma, avtonom uçuş mexanizmi, müxtəlif sensorlar və faydalı kameralar vasitəsilə uçuş zamanı ərazi məlumatlarının toplanmasını praktiki olaraq tətbiq ediblər. Hacıqabul aerodromunda keçirilən sınaq uçuşlarında Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrinin 19 komandası mübarizə aparıb.

Birinci yeri Milli Aviasiya Akademiyasının “MockingJay” komandası qazanıb. II yeri Milli Aviasiya Akademiyası ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrindən ibarət “AzeRobot SkY” komandası, III yeri “Oğuz” (BANM) komandası tutub. “Planer” müsabiqəsinin mükafat fondu 1-ci yer üzrə 6000 AZN, 2-ci yer üzrə 4000 AZN və 3-cü yer üzrə 2000 AZN təşkil edib.

Yaşıl texnologiyalar’’ müsabiqəsində isə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə və bərpa olunan enerji mənbələri istiqamətində ekoloji təhlükəsiz və iqtisadi baxımdan səmərəli layihələrin təqdim edilməsi nəzərdə tutulmuşdu.

Müsabiqə bərpa olunan enerji mənbələrindən istifadə, yeni texnologiyaların təşviqi, cari texnologiyaların təkmilləşdirilməsi, təbii sərvətlərdən ehtiyatlı istifadə və gələcək nəsillərə ötürülməsini təmin edən, həmçinin sıfır tullantı hədəfinin həyata keçirilməsini asanlaşdıracaq texnologiyalar üzrə mövzuları əhatə edib.

Yuxarı sinif şagirdləri 12 komanda, ali təhsil müəssisələrinin tələbələrindən ibarət 10 komanda, startap və fərdi sahibkarlar 10 komanda olmaqla 32 komanda festivala vəsiqə qazanıb.

Münsiflər heyətinin yekun qərarına əsasən, A kateqoriyası üzrə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin “GreenLines”, B kateqoriyası üzrə Bakı Ali Neft Məktəbinin “Atəşgah”, C kateqoriyası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “MakerTronika” komandası 1-ci yeri tutub. A kateqoriyası üzrə II yerə “FluSi” komandası, III yerə “gFuture” komandası, B kateqoriyası üzrə II yerə “Murov” (BANM) komandası, III yerə “Gülüstan” (BANM) komandası, C kateqoriyası üzrə II yerə “BAKU” (ADNSU) komandası, III yerə “Ecofriendly” komandası layiq görülüb.

Müsabiqə üzrə mükafat fondu şagirdlər üçün (A kateqoriyası) I yer – 4000 AZN, II yer – 2000 AZN və III yer – 1000 AZN təşkil edir. B kateqoriyasını təmsil edən tələbələr və C kateqoriyası üzrə startaplar və fərdi sahibkarlar üçün mükafat fondu I yer – 6000 AZN, II yer – 4000 AZN, III yer isə – 2000 AZN təşkil edib.

Yuxarıda sadalanan beynəlxalq tədbirlər və texnoloji müsabiqələrin mahiyyəti və iştirakçılıq səviyyəsi “TEKNOFEST Azərbaycan”ın uğurlu təşkilini aydın təsvir edir. Orta və ali təhsil müəssisələri, dövlət və özəl sektor və elmi tədqiqat mərkəzlərinin vəhdətini təşkil edən “TEKNOFEST Azərbaycan” smart nəslin formalaşmasında olduqca önəmli rol oynamaqdadır.

Hər kəsi qalib edən “TEKNOFEST Azərbaycan”

28 may – Müstəqillik Günündə Azərbaycan və Türkiyə respublikalarının Prezidentlərinin “TEKNOFEST Azərbaycan” festivalında iştirakı, birinci yer qaliblərinin ölkə başçıları və tanınmış alim, Nobel mükafatı laureatı, professor Əziz Səncər tərəfindən təltif edilməsi bu festivala və onun gözləntilərinə göstərilən ən böyük etimadın təzahürüdür.

4 gün davam edən festival yerli və xarici medianın diqqət mərkəzində olub. 50-yə yaxın KİV təmsilçilərinin qatıldığı festival “Euronews”, “Thomson Reuters”, “BBC Azərbaycan”, “Ria Novosti”, “Tass” İnformasiya Agentliyi, “Pakistan Networking Media”, İran və İraqın TV kanalları, Çinin xəbər portalları, Türkiyənin “CNN Türk”, “Haber Global”, TRT, “TRT Arabia”, “TRT Rusiya” və digər nüfuzlu mətbuat orqanlarında geniş işıqlandırılıb.

Festival çərçivəsində ümumilikdə 300 minə yaxın ziyarətçi “TEKNOFEST Azərbaycan” festivalını izləyib. Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həlləri, eləcə də gənclərin hazırladıqları prototiplər və STEM layihələr nümayiş olunub, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotlar sərgilənib. 20 min kvadratmetr ərazini əhatə edən sərgi pavilyonlarında qabaqcıl şirkətlərin və yaradıcı gənclərin innovativ məhsullarına ictimai baxışın keçirilməsi ziyarətçilərdə böyük maraq doğurub. Festivalın əyləncə proqramında isə Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları və s. keçirilib.

Sonda vurğulamaq istərdik ki, “TEKNOFEST Azərbaycan” festivalı Bakıda ilk dəfə keçirilməsinə baxmayaraq qarşıya qoyulan əsas hədəfinə çata bildi. Gənclərin festivalda sadəcə ideya deyil, “ağıllı həllər”lə çıxış etməsi gəncliyin çoxdan gözlədiyi əməkdaşlıq platformasına əlçatanlığının bariz nümunəsi oldu. “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində regionlardan tutmuş, paytaxt Bakıya kimi istedadlı gənclər bir araya gəldi, müsabiqə mərhələləri tam şəffaf təşkil olundu, iştirakçı statusu qazanmış komandalara mentorluq və təchizat dəstəyi göstərildi. Festivalın qaliblərinə pul mükafatı, digər bütün iştirakçılarına sertifikatlar və diplomlar təqdim edildi.

Bir sözlə, bu festivaldan heç kimsə məğlub ayrılmadı. Bütün komandalar müstəqil Azərbaycanımızın texnoloji suverenliyi üçün səylərini birləşdirdi. “TEKNOFEST Azərbaycan” parıldamaqda olan yeni və smart nəsli kəşf edə bildi. Bununla da “TEKNOFEST Azərbaycan” festivalı ölkə başçısı cənab Prezident İlham Əliyevin 2016-cı ilin 5 oktyabr tarixində imzaladığı qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan fərmanından irəli gələn tapşırıqlara özünəməxsus töhfələrini verməyi planlaşdırır. Gənc ixtiraçılarımız yeni texnologiyalar yaratmaqla xarici bazarlara uğurla inteqrasiya edə biləcək və növbəti 10 il ərzində biz bu istiqamətdə silsilə uğur hekayələrinin şahidi ola biləcəyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti