Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşkilatçılığı ilə kafedranın müdiri, tanınmış iqtisadçı alim, professor Məhəbbət Məmmədovun 70 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib. Seminarda Milli Məclisdən, AMEA-dan, Auditorlar Palatasından, nazirliklərdən, respublikamızın elm-təhsil müəssisələrindən qonaqlar, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan AzMİU-nun rektoru, professor
Gülçöhrə Məmmədova professor Məhəbbət Məmmədovu 70 illik yubileyi
münasibətilə təbrik edib, ona elmi, pedaqoji fəaliyyətində uğurlar
arzulayıb. Rektor vurğulayıb ki, Məhəbbət müəllim ömrünün 45 ilini
elmə, təhsilə həsr edib, onun elmi-pedaqoji fəaliyyəti 230 elmi
əsərdə, o cümlədən 5 monoqrafiyada, 8 dərslikdə, Almaniyada,
Fransada, Macarıstanda, Çexiyada,Turkiyədə, İranda, Rusiyada və s.
ölkələrdə çap edilmiş 45 elmi əsərdə öz əksini tapıb. Dəyərli
alimin elmi-pedeqoji və istehsalatda səmərəli fəaliyyəti həmişə
qiymətləndirilib, o, Təhsil Nazirliyinin , Energetika Nazirliyinin,
Enerji Nəzarəti Dövlət Agentliyinin və Azərbaycan Memarlıq və
İnşaat Universitetinin fəxri fərmanları ilə təltif olunub,
Azərbaycan Respublikası Prezidentinin sərəncamıyla “Tərəqqi”
medalına layiq görülüb. Onun elmi rəhbərliyi ilə bu günə qədər 26
doktorant və dissertant dissertasiya işi müdafiə edib, hazırda
rəhbərliyi ilə doktorluq proqramı çərçivəsində 4 doktorluq və 5
doktorant (o cümlədən, 2 xarici ölkə vətəndaşı) dissertasiya
işlərini yerinə yetirirlər. Yubilyarın kadr hazırlığındakı
xidmətlərindən danışan G.Məmmədova bildirib ki, məhz onun kafedraya
rəhbərlik etdiyi dövrdə bir sıra mühüm layihələr həyata keçirilib,
bacarıqlı və işgüzar kafedra müdiri kimi məhz onun təşəbbüsü və
təşkilatçılığı ilə bir çox dövlət qurumları ilə Universitetimiz
arasında işgüzar əlaqələr qurulub, elmlə istehsalatın əlaqələri
möhkəmlənib.
Elmi seminarda Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə,
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Nazirlər
Kabinetinin şöbə müdiri Elşən Hacızadə, Auditorlar Palatasının
sədri Zahid Novruzov, İqtisadi İslahatlar Mərkəzinin icraçı
direktoru Vüsal Qasımlı və başqaları yubilyarı təbrik ediblər,
haqqında ən xoş arzularını dilə gətiriblər. Professor M.Məmmədovu
savadlı, bacarıqlı, enerjili, zəhmətkeş, vətənpərvər, dövlətçilik
ənənələrinə sadiq ziyalı kimi xarakterizə edən dostları yubilyarın
gənc nəslə örnək olacaq ömür yolu keçdiyini vurğulayıblar.
Çıxışlardan sonra söz alan professor Məhəbbət Məmmədov əməyinə
verilən yüksək dəyərə görə seminarda iştirak edən həmkarlarına
minnətdarlığını bildirib. O, eyni zamanda yubileyinə həsr edilmiş
tədbirin təşkilatçılığına görə AzMİU rəhbərliyinə təşəkkürünü
çatdırıb.