Bakı. Trend:
Azərbaycana quş qripi ilə əlaqədar hazırda quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq edilən ölkələrin sayı açıqlanıb.
Trend xəbər verir ki, bu barədə AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev məlumat verib.
O bildirib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Ümumdünya Ticarət Təşkilatı ilə razılaşmasına görə, heyvan mənşəli məhsulların, o cümlədən də ətin dövriyyəsi ÜHST-nın verdiyi məlumata əsasən tənzimlənir.
"Biz də təşkilatın üzvüyük və hər gün hansı ölkədə hansı xəstəliklərin qeydə alınması ilə bağlı məlumat alırıq. Buna uyöun da hansı ölkəyə məhdudiyyət, hansına qadağa tətbiq olunması qərara alınır. Biz gözləyə bilmərik ki, hansısa ölkədən bizə məhsul gətirilir, ya gətirilmir. Məsələ ondadır ki, heç bir sahibkara hansısa ucqar ölkədən məhsul gətirməsin. Ona görə də biz qabaqlayıcı tədbirlərimizi elan edirik".
Şöbə müdirinin sözlərinə görə, müxtəlif xəstəliklər üzrə məhdudiyyət tətbiq olunan ölkələrin sayı fərqlidir.
"Məsələn, quş qripi ilə əlaqədar hazırda 70 ölkədən quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunub. Amma burada bütün ölkə yox, ayrı-ayrı bölgələrin adları var. Hansı zonada xəstəlik aşkarlanıbsa, 10 kilometr ərazidə məhdudiyyət tətbiq edilir. Məhdudiyyətlərin müddəti də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına görə, tənzimlənir və 3 aydan 12 ayadək davam edə bilər",-deyə o qeyd edib.