Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin, Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində həyata keçirilən “Ağdam Könüllüləri” qrupu ilk dəfə olaraq bu gün fəaliyyətə başlayıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq həyata keçirilən proqramın əsas məqsədi, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində və eləcə də bölgənin tarixi, mədəniyyəti və xalqımızın irsinin təbliğində iştirakını təşviq etmək və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verməkdir.
Proqram çərçivəsində könüllülərin Ağdam rayonu ərazisində
müxtəlif könüllü fəaliyyətlərinə, o cümlədən mütəmadi olaraq
Ağdamda keçiriləcək tədbirlərin təşkilində iştirak, Ağdama səfər
edən yerli və xarici qonaqlarla iş, bərpa və yenidənqurma işlərinə
dəstək, qayıdışa hazırlıq və məskunlaşmaya dəstək və Azərbaycan
Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi
nümayəndəliyinə müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü
dəstəyinin göstərilməsinə cəlb olunmaları nəzərdə tutulub.
Qeyd edək ki, 3 sentyabr 2022-ci il tarixində Bakı Konqres
Mərkəzində baş tutan mətbuat konfransında “Qayıdış Könüllüləri”
Proqramının təqdimatı zamanı 17 sentyabr 2022-ci il tarixinədək
təhsil səviyyəsindən asılı olmayaraq, əslən Ağdam rayonundan olan
hər bir gəncin qeydiyyatdan keçə biləcəyi vurğulanıb. Həmin
tarixədək qeydiyyatdan keçmiş 1500-dən çox Azərbaycan Könüllüsü
mərhələli şəkildə müsahibəyə dəvət olunublar. Müsahibə mərhələsini
uğurla keçən könüllülər isə 4 gün davam edən təlimlərdə iştirak
edib. 27-30 sentyabr tarixlərini əhatə edən təlim proqramının
sonunda isə keçirilən imtahan məhələsindən uğurla keçən 20 nəfərdən
ibarət Ağdam Könüllüsü 5 oktyabr tarixindən etibarən Ağdamın
işğaldan azad edilən ərazilərində fəaliyyət göstərməyə
başlayib.