...

Azərbaycanda əmək məşğulluğunun artımı qeydə alınıb (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2022 16:37 (UTC +04:00)
Azərbaycanda əmək məşğulluğunun artımı qeydə alınıb (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinə dair növbəti respublika müşavirəsi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yanında İşçi qrupların rəhbərləri – əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev, məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin rəhbərləri iştirak ediblər.

Əli Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”ndakı tapşırıqların icrası istiqamətində fəaliyyətin davam etdirildiyini və əmək münasibətlərinin təkmilləşdirilməsi sahəsində bundan sonra da zəruri tədbirlərin həyata keçiriləcəyini qeyd edib.

Komissiya sədri bildirib ki, dövlət başçısının 2017-ci il 17 mart tarixli Sərəncamına əsasən yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyasının fəaliyyəti dövründə əmək müqaviləsi bildirişlərinin sayında 400 minə yaxın və ya 31,2 faiz artım olub. Həmin dövrdə qeydiyyatda olan fiziki şəxs fərdi sahibkarların sayı 58 faiz, hüquqi şəxslərin sayı isə 60 faiz artıb.

Bu sahədə nailiyyətlərin davamlılığını təmin etmək üçün məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin də fəaliyyətinin təkmilləşdirilməsi qarşıda əsas vəzifələrdən biridir.

Müşavirədə Komissiyanın Katibliyinin rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdiri Rəşad Dayıyev əlaqələndirmə komitələri tərəfindən görülmüş işlərə dair təqdimatla çıxış edib.

İclasda Gəncə, Lənkəran, Şəki və Sumqayıt şəhərləri üzrə Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin rəhbərləri görülmüş işləri, əldə olunan uğurları diqqətə çatdırıblar. Onlar ərazi məşğulluq proqramlarının hazırlanması, qeyri-formal məşğulluğun qarşısının alınması və digər istiqamətlərdə görülən tədbirlər barədə məlumat veriblər.

Müşavirədə Ə.Əhmədov tərəfindən əlaqələndirmə komitələrinin səmərəli fəaliyyətinin təşkili məqsədilə komitə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti