Bakı. Trend:
Azərbaycanın poçt operatoru “Azərpoçt” MMC "Şuşa ili"nə həsr olunmuş markalar kolleksiyasını dövriyyəyə buraxır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə brifinq zamanı "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov deyib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin 2022-ci ilin Azərbaycanda “Şuşa ili" elan edilməsi haqqında Sərəncamı ilə nəzərdə tutulmuş tədbirlərdən biri də “Şuşa 270 il” mövzusunda marka və zərflərin dövriyyəyə buraxılması olub.
“Tədbirlər planına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” “Şuşa 270 il” mövzusunda 21 müxtəlif markadan ibarət kolleksiyanı dövriyyəyə buraxacaq. “Şuşa 270 il” mövzulu markalarda Şuşa 5 müxtəlif tərəfdən təsvir olunub”, - deyə Ə.Cəlilov bildirib.
Ə.Cəlilov tematik markaların Şuşa şəhərinin memarlığını, ədəbiyyatını, etnik və musiqi mədəniyyətini, flora və faunasını əhatə etdiyini vurğulayıb.