Bakı. Trend:
Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı müdafiə nazirinin müvafiq əmrinə əsasən təltif olunub.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Martın 29-da Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında təltif
olunan hərbi qulluqçuların təqdimat mərasimi keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və
ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də Türkiyədə baş
vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun tibb
personalımızın təltif olunması ilə bağlı müvafiq əmri oxunub.
Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Firudin Nəbiyev
çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin
göstərişinə əsasən Türkiyəyə ezam olunan tibb heyətimizin
fəaliyyəti qardaş ölkədə də yüksək qiymətləndirilib.
Qeyd olunub ki, hərbi tibb personalımız Kahramanmaraşda Türkiyə
Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri
ilə qarşılıqlı əlaqədə, ümumilikdə 81 cərrahi əməliyyat icra edib,
517 nəfərə isə ambulator yardım göstərib.
Tədbirdə hərbi həkimlərimizin Vətən müharibəsində də peşəkarlıq
nümayiş etdirdiyi və Azərbaycan Respublikasının Prezidenti,
həmçinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək
qiymətləndirildiyi xüsusi vurğulanıb.
Tədbirin sonunda ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq,
neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv
cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla,
Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalına növbəti
hərbi rütbə, medal və fəxri fərmanlar təqdim olunub.