...

AMEA-da “Ədəbi Krakov” mövzusunda dəyirmi masa keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Mart 2023 17:09 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Polşa Beynəlxalq Elmi-Mədəniyyət Mərkəzinin və NG Creators Club-un dəstəyi ilə Polşa respublikasının ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının yaradıcılığına həsr olunmuş “Ədəbi Krakov” mövzusunda dəyirmi masa keçirilib.

Trend xəbər verir ki, tədbirin təşkilatçıları AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Bakı Slavyan Universitetidir.

Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibəylinin adından Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya elmləri namizədi Mehman Həsənli tədbir iştirakçılarına müraciətini təqdim edib.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevin adından təbrik sözlərini universitetin prorektoru, filologiya elmləri namizədi Ənvər Abbasov qonaqlara çatdırıb.

Ədəbiyyat İnstitutunun dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru professor Gülər Abdullabəyova, Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, BSU-nun Slavyan filologiyası kafedrasının baş müəllimi Elnarə Abdulhəlimova, Azərbaycandakı Polşa İcmasının sədr müavini Aleksandr Kostin Polşa yazıçılarının yaradıcılığına dair təqdimatlarla çıxış edib.

Daha sonra Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin 3-cü kurs tələbələri Zeynəb Səmədova, Məleykə Paşayeva, Afət Mustafayeva ədəbiyyat üzrə laureatların şeirlərinin fərdi tərcüməsi ilə öz təqdimatlarını təqdim ediblər.

Sonda dəyirmi masa iştirakçıları yüksək ədəbiyyatın oxucu mühiti arasında populyarlaşdırılması üçün gələcəkdə də belə görüşlərin keçirilməsini tövsiyə ediblər.
Qeyd edək ki, bu, “Ədəbi Krakov” layihəsinin Polşa yazıçılarının yaradıcılığına həsr olunmuş tədbirlər silsiləsində ikinci görüşdür. Birincisi 2021-ci ildə Maksud İbrahimbəyov adına Yaradıcılıq Mərkəzində baş tutub və polşalı fantast yazıçısı Stanislav Lemin yubileyinə həsr olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti