...

Mərkəzi Gömrük Hospitalında Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 31 Mart 2023 15:05 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım, İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev və əməkdaşlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım açılış nitqi ilə çıxış edərək 31 mart qurbanlarının xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edib. Daha sonra rəis müavini Şahlar Mirqasım 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün tarixindən danışaraq, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım barədə ətraflı məlumat verib.

Şahlar Mirqasım qeyd edib: “Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət bu hadisədən 80 il sonra ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixində 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə imzaladığı Sərəncamından sonra hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir”.

Tədbirdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş sənədli film nümayiş olunub. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə və Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilara Zamanova erməni-daşnak və bolşevik qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi bu soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət adlandırıblar. Onlar öz çıxışlarında 31 mart azərbaycanlıların soyqırımı zamanı xalqımıza qarşı törədilmiş cinayətdən danışaraq, üç gün ərzində baş vermiş hadisələrdə bəşər tarixində görünməmiş vəhşiliklər barədə dəhşətli faktları qeyd ediblər.

Tariximiz bizim milli kimliyimiz, milli yaddaşımızdır. Biz daim millətimiz və xalqımızın tarixinə yazılanları bilməli və unutmamalıyıq. Bu baxımdan 31 mart qurbanları da tarixin yaddaşından silinməyəcək, bu soyqırım daim xalqımız tərəfindən xatırlanacaq və qurbanların xatirəsi əziz tutulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti