...

ADPU-nun Şamaxı filialında elmi-praktik konfrans: 31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı (FOTO)

Cəmiyyət Materials 31 Mart 2023 19:12 (UTC +04:00)
ADPU-nun Şamaxı filialında elmi-praktik konfrans: 31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı” adlı elmi-praktik konfrans keçirilib.

İlk olaraq Azərbaycanın azadlığı uğrunda və soyqırımı nəticəsində həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca 31 Mart Soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə filialın tədris və elmi işlər üzrə direktor müavini Şasəddin Mikayılov açaraq xalqımıza qarşı törədilən bu dəhşətli soyqırımı hadisəsinin tarixindən bəhs edib.
Daha sonra Sosial və pedaqoji elmlər kafedrasının müdiri dos. Mayıl Alıcanov “Erməni soyqırımı bəşəri cinayətdir” mövzusunda geniş məruzə ilə çıxış edib. O qeyd edib ki, 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Ardınca Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Səməngül Abdullayeva “1918-ci ilin Şamaxıda törədilən soyqırım haqqında”, Tarix və coğrafiya müəllimliyi ixtisasının I tədris ili tələbəsi Fidan Qafarova isə “Erməni diasporunun formalaşmasında erməni kilsəsinin rolu” mövzularında çıxış ediblər.

Sonda Təhsildə sosial-psixoloji xidmət ixtisasının I tədris ili tələbəsi Səbinə Salmanlının Dursun Musayevanın “Şəhidlər” şeirini və İbtidai sinif müəllimliyi ixtisasının I tədris ili tələbəsi Nurcan İbadovanın Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini səsləndirməsi ilə konfrans başa çatıb.

Onu da qeyd edək ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər planı çərçivəsində filialda soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş guşə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti