...

Sosial sahə üzrə yeni elektron xidmətlər yaradılır

Cəmiyyət Materials 31 May 2023 14:21 (UTC +04:00)
Sosial sahə üzrə yeni elektron xidmətlər yaradılır

Bakı. Trend:

Sosial sahədə elektronlaşdırma proqramı çərçivəsində 2019-cu ilin əvvəlindən 51 proaktiv xidmət yaradılıb və hazırda bu xidmətlərin sırasının daha da genişləndirilməsi işləri aparılır.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclasında bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri, kollegiyanın sədri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial islahatların vətəndaş rifahının və məmnunluğunun təminatı məqsədi daşıdığını bildirib.

Qeyd olunub ki, son 5 ildə 4 sosial islahat paketi icra olunaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əməkhaqqı, pensiya, müavinət, təqaüd və sosial yardımların artırılması istiqamətində mühüm irəliləyişlər əldə olunub. Eyni zamanda, sosial xidmətlərin rəqəmsal müstəvidə, müasir və şəffaf şəkildə təqdim edilməsi sosial islahatların əsas tərkib hissəsidir.

Yaradılan 51 proaktiv xidmət vasitəsilə 720 min təyinat vətəndaşların müraciətinə və sənəd təqdim etməsinə ehtiyac olmadan, elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib. Hazırda bəzi sosial təminat növlərinin, habelə dəfn üçün müavinətin də proaktiv qaydada təyinatına imkan verəcək xidmətlər yaradılır.

Eləcə də pensiya kalkulyatorunun təkmilləşdirilməsi, himayədar ailə qayğı sisteminin tətbiqi ilə bağlı “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin funksional imkanlarının genişləndirilməsi işləri davam etdirilir.

Əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, Əmək Məcəlləsinə yeni dəyişikliklər layihəsinin hazırlandığı bildirilib. Son illər 1008 peşə və kvalifikasiya standartı hazırlandığı və sosial tərəfdaşlarla birgə daha 300 peşə və kvalifikasiya standartının hazırlanmaqda olduğu qeyd edilib.

Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına 2020-ci ildə 23 yeni növ də əlavə edilərək siyahıda reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatdırılıb. Hazırda bu siyahının növbəti dəfə genişləndirilməsi ilə bağlı layihə hazırlandığı bildirilib.

Habelə əlilliyin qiymətləndirilməsində ötən ilin iyulundan tətbiq olunan yeni meyarlardan bəhs olunub. Əlillik təyinatına əsas verən meyarların sayında 4 dəfədən çox artım edildiyi, həmin meyarlara yeni dəyişiklik layihəsinin, eləcə də övladlığagötürmə prosesinin təkmilləşdirilməsi məqsədilə müvafiq qanunvericiliyə də dəyişiklik layihələrinin hazırlandığı diqqətə çatdırılıb.

Əmək və məşğulluq, sosial təminat, əlillik, reabilitasiya, övladlığagötürmə sahələrində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı sosial xidmət müəssisələrinin Nizamnamələrində müvafiq dəyişikliklərin, “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti