...

5 ton 141 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Cəmiyyət Materials 30 Avqust 2023 05:09 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin yanvar-iyul ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumləşdirilib.

Bu barədə Trend-ə Dövlət Komissiyasından məlumat verilib.

Yanvar-iyul ayları ərzində hüquq mühafizə orqanlarının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6696 cinayət faktı aşkarlanıb. Onlardan 2335-i narkotik vasitələrin qanunsuz satışı, 4112-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 219-u qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 141 kiloqram 918,699 qram narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 598 kiloqram 616,379 qramını heroin, 2 ton 874 kiloqram 140,356 qramını marixuana, 221 kiloqram 863,961 qramını tiryək, 50 kiloqram 986,102 qramını həşiş, 274 kiloqram 649,411 qramını psixotrop maddələr, 121 kiloqram 662,49 qram digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövrdə 40068 ədəd həb metadon, 11624 ədəd çətənə bitkisi, eləcə də 3 kiloqram 197,368 qram, 7 min 703 ədəd kapsul və 1133 ədəd həb güclü təsir edən maddə və 40,682 qram prekursor qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 343,68 hektar sahədən çəkisi 211 ton 691 kiloqram 610,98 qram olan 762 min 300 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 165 fakt aşkarlanmış və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 186 kiloqram 111,606 qram və 40 min 68 ədəd həb metadon narkotik vasitələr və 7 min 631 ədəd kapsul, 953 ədəd həb güclü təsir edən maddə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 168-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 215 kiloqram 109,866 qram,190 ədəd metadon narkotik vasitə, psixotrop maddə və 157,5 qram güclü təsir edən maddə müsadirə edilib. 1837 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 098 kiloqram 379,3 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

2023-cü ilin yanvar-iyul ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 5 ton 141 kiloqram 918,699 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 225 milyon 99 min 265 manat kimi qiymətləndirilir.

Təhlil göstərir ki, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 145, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 271, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 291 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 237 kiloqram 126,909 qramdır. O cümlədən, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 19, digər növ cinayət faktların sayı 37, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 70, qrup halında olan cinayətlərin sayı isə 34 fakt azalıb.

Cari ilin yanvar-iyul aylarında Daxili İşlər Nazirliyi bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 51856 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1550 nəfərindən 846-nın istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Hesabat dövründə işçi qrupu tərəfindən aidiyyəti qurumlarla 5 Tədbirlər Planı imzalanıb və ümumilikdə maarifləndirmə tədbirləri çərçivəsində 92 tədbir (50 maarifləndirici görüş, 26 təlim, 3 mədəni-kütləvi tədbir, yutub kanalı vasitəsilə yayımlanan 1 film, 2 sosial çarx, 1 rəsm müsabiqəsi, 7 sosial layihə, 1 veloyürüş və 1 marafon) təşkil edilib.

Yanvar-iyul ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 752 vətəndaş müraciəti daxil olub. Onların 112-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 269-u narkotik asılılıqdan müalicə, 371-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 381 məktub ünvanlanıb. Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti