...

Azad edilmiş torpaqlarda təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalı prioritetlərimizdəndir - Nazir

Cəmiyyət Materials 14 Sentyabr 2023 10:12 (UTC +04:00)
Azad edilmiş torpaqlarda təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalı prioritetlərimizdəndir - Nazir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Dünyada qlobal təhlükələr və risklər - su çatışmazlığı, quraqlıq, istiləşmə, səhralaşma, sənayeləşmə, beynəlxalq konfliktlər, pandemiyalar, epidemiyalar dövründə ərzaq və qida təhlükəsizliyi bəşəriyyət üçün prioritet sahələrdir.

Trend xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Avropa və Mərkəzi Asiyada Qida Standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda regional tədbirdə nitqi zamanı deyib.

Nazir bildirib ki, ərzaq və qida təhlükəsizliyinin idarə edilməsində, beynəlxalq standartların, təlimatların qəbul edilməsində dünyada bir neçə təşkilatlar vardır ki, bunlardan biri də "Kodeks Alimentarius" Komissiyasıdır:

!​Azərbaycan Respublikası 2011-ci ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “Birgə Qida Standartları Proqramı” çərçivəsində təsis edilmiş "Kodeks Alimentarius" Komissiyasına üzvdür.

Kodeks Alimentarius Komissiyası beynəlxalq qida standartları, təlimatları və tətbiqetmə qaydaları bu beynəlxalq qida ticarətinin təhlükəsizliyinə, keyfiyyətinə və ədalətinə kömək edir, hər zaman, hər yerdə, hər bir insanı yüksək keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verilən qida ilə təmin edilməsində öz töhfəsini verir.

​Azərbaycan Respublikası hər zaman olduğu kimi, müasir çağırışlara uyğun beynəlxalq standartlara cavab verən qida təhlükəsizliyi sistemi yaradıb və Kodeks Alimentarius Komissiyasında Azərbaycan Respublikasının milli əlaqələndirici qurumu kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu sahədə bir sıra beynəlxalq və yerli standartlar hazırlayıb tətbiq edib.

Ərzaq təhlükəsizliyinin birbaşa kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı olması hər kəsə məlumdur.

Bu səbəbdən ərzaq təhlükəsizliyi dövlətin təhlükəsizliyinin təməl şərtlərindəndir. Lakin müasir dünyamızda ərzaq və qida çatışmazlığı beynəlxalq təşkilatların hesabatlarında qeyd edilməklə, bu sahələr daha diqqətli və həssas yanaşmanı tələb edir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, 2022-ci ildə dünyada 735 million insan aclıqdan əziyyət çəkib".

O qeyd edib ki, 5 yaşınadək 148 million uşaq qida çatışmazlığı səbəbindən inkişafdan geri qalıb:

"2018-ci ildə isə hər gün dünyada 18 min uşaq aclıqdan və doyunca yeməməkdən vəfat edib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qiymətləndirməsinə görə dünya əhalisinin 30% (iki milyard insan) “gizli aclıqdan” əziyyət çəkir. Bu o vəziyyətdir ki, insanların müəyyən qədər kalori almasına baxmayaraq vitamin və mineralın miqdarı lazımi səviyyədə olmur.

1 milyard tondan çox qida israf edilir və dünyada istehsal edilən qidanın 17%-ə qədəri süfrəyə gəlmədən yararsız hala düşür.

Dünya Bankının hesabatlarına görə, inkişaf etmiş ölkələrdə zibilliyə atılan qidalar dünyada aclıqdan ölən insanların 15 mislini doyduracaq səviyyədədir. Əgər bu cür qeyri-bərabər paylanmalar olmasaydı, dünyada insanların aclıq problemi olmaya bilərdi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu cür statistikalar da mövcuddur.

​Hər bir taxıl dəninin, hər kiloqram çörəyin və ərzağın qiymətli olduğu, zəhmətlər və kapital qoyuluşu hesabına başa gəldiyini nəzərə alaraq, təhlükəli qida istehsal edən sahibkarın son nəticədə hər birimizə zərər vurduğunu görərik. Çıxdaş edilərək məhv edilən bu cür ərzaqlar dövlətin resurslarının israfı deməkdir. Bu səbəbdən Kodeksin və ölkələrin qida təhlükəsizliyi sahəsində qəbul etdiyi qanunvericilik aktlarının ciddi tətbiqi həm də ölkələrin ərzaq təhlükəsizliyində böyük rol oynayır.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ərzaq təhlükəsizliyi sahəsində öz töhfəsini verməkdə davam edərək, “dəyər zənciri” prinsipini tətbiq etməklə insan qidası üçün tam təhlükəsiz ərzaq məhsullarının “tarladan süfrəyə” çatdırılması işində aidiyyatı qurumlarla birgə bilavasitə iştirak edir.

​Qeyd etmək istərdim ki, Azərbaycan ordusunun və Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibə nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda yenidən qurma işlərinə başlanılmışdır.
Bu istiqamətdə kənd təsərrüfatına yararlı torpaq sahələri nəzarətə götürülərək, ekoloji təmiz və epizootoloji sağlam zonalar yaradılmaqla yüksək keyfiyyətli, təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalına başlanmış və bu sahə Nazirliyin prioritetlərindən biridir.

​Bununla yanaşı, bitki və heyvan sağlamlığı nazirliyin daim diqqət mərkəzindədir. Bitkilər və heyvanlar üçün xüsusi təhlükə törədən zərərli orqanizmlərin məhv edilməsi, o cümlədən profilaktika işləri mütəmadi olaraq icra edilir. Ərzaq və qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübələr nəzərə alınaraq islahatlar aparılır, sahibkarlara, fermerlərə dövlət dəstəyi göstərilir. Məşğul əhalinin işlə təmin edilməsi, ərzaq məhsullarının qiymətlərinin əlçatan olması və yoxsulluğun aradan qaldırılması daima dövlətimizin diqqət mərkəzindədir".

Xəbər lenti

Xəbər lenti