Bakı. Trend:
Bu gün müxtəlif bazar subyektləri var ki, ya sahibliyi dolayısı ilə eynidir ya da qohumluq əlaqələri əsasında eyni sahibkarlıq subyektlərini fərqli insanlar idarə edir. Yeni qanunvericiliklə bu, benefisiar nöqteyi-nəzərdən tənzimlənəcək.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli parlamentdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmələr zamanı deyib.
O qeyd edib ki, Məcəllənin bir bölməsi rəqabət aparmamaq öhdəliyinin qadağan edilməsi ilə bağlıdır. “Bu gün bizə müraciət olur ki, rəqib bazardan çəkilməyimizi, iştirak etməməyimizi istəyir. Yeni qanunvericiliklə bütün bunlar tənzimlənəcək”, -deyə Xidmət rəisi qeyd edib.
M.Abbasbəyli əlavə edib ki, yeni qanunda maliyyə sanksiyaları və cərimələrin tətbiqi dövlət büdcəsini doldurmaq məqsədi daşımır.
Onun sözlərinə görə, məqsəd Rəqabət Məcəlləsinin işləməsini tənzimləmək, azad bazar və rəqabət mühitinə mane olan şəxslərin cəzalandırılmasıdır.