Bakı. Trend:
Oktyabrın 6-da Dövlət Ekoloji Ekspertiza Agentliyində qurumuş və ya qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı növbəti ictimai dinləmə keçirilib.
Ekoloqların, icra hakimiyyəti, bələdiyyə, QHT və KİV
nümayəndələrinin, həmçinin digər maraqlı tərəflərin iştirakı ilə
keçirilən ictimai dinləmədə paytaxtın Yasamal, Nizami, Nərimanov,
Qaradağ və Pirallahı rayonları üzrə ümumilikdə 85 ədəd qurumuş və
ya qəzalı vəziyyətə düşmüş müxtəlif cinsli ağacın götürülməsi
müzakirə edilib.
Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov qeyd edib ki,
icra hakimiyyəti orqanları və bələdiyyələr öz ərazilərində mövcud
olan yaşıllıqlara mülkiyyətləri kimi yanaşmalı, vaxtında və düzgün
aqrotexniki qulluq tədbirləri görməlidirlər. Dövlətimiz tərəfindən
ətraf mühitin mühafizəsinə, yaşıllıqların və parkların salınmasına
xüsusi diqqət yetirilir. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə
ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi
sahəsində uğurlu nəticələr əldə olunub. Yeri gəlmişkən, qeyd edək
ki, Nazirlər Kabinetinin təsdiqlədiyi normalara görə, yeni
salınacaq yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq
faizi ayrılmış ərazinin minimum 40, istismar müddəti bitən
məhəllələr yenidən layihələndirilərkən isə yaşıllıq faizi həmin
ərazinin minimum 25 faizini təşkil etməlidir.
İctimai dinləmədə yaşıllıqların mühafizəsində Ekologiya və Təbii
Sərvətlər Nazirliyi ilə yanaşı, icra hakimiyyətləri və
bələdiyyələrin də rolundan danışılıb, vaxtında və düzgün
aqrotexniki qulluq göstərilməməsi səbəbindən bəzi ağacların
quruduğu və ya qəzalı vəziyyətə düşdüyü təəssüflə vurğulanıb.
Həmçinin quruyan və ya qəzalı vəziyyətə düşən ağacların götürülməsi
ilə bağlı müraciətin gecikdirilməməsi, rəy verildikdən sonra onun
dərhal icra edilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub
ki, gecikdirilən hər bir hal xoşagəlməz vəziyyət, hətta insan
sağlamlığına ağır xəsarət yetirilməsi ilə nəticələnə bilər.
İctimai dinləmədə icra hakimiyyəti, bələdiyyə və QHT
nümayəndələrinin təklifləri də dinlənilib.