...

Xocalı şəhərinin içməli su təchizatı yaxşılaşdırılır (VİDEO)

Cəmiyyət Materials 20 Fevral 2024 15:03 (UTC +04:00)
Xocalı şəhərinin içməli su təchizatı yaxşılaşdırılır (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Xocalı şəhərinin içməli su təchizatı yaxşılaşdırır.

Trend bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən işğaldan azad olunmuş ərazilərdə içməli və tullantı su sistemlərinin yaradılması layihəsinin icrası intensiv qaydada davam etdirilir.

Böyük Qayıdış Proqramından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Xocalının su təchizatının yaxşılaşdırılması üçün yeni su mənbəyi yaradılır. Proqramın icrası nəticəsində şəhərdə məskunlaşmanın və içməli suya tələbatın artacağı nəzərə alınaraq 2 yeni subartezian quyusunun qazılmasına qərar verilib.

Artıq quyulardan biri istismara hazır vəziyyətə gətirilib, digər quyunun qazıntısı işləri davam etdirilir. Yeni subartezian quyuları gələcəkdə şəhəri 24 saat fasiləsiz içməli su ilə təmin etməyə imkan verəcək. Xocalının içməli su təchizatı məqsədilə mənbədən götürülən su həcmi 500 kubmetr olan anbara ötürüləcək və buradan şəhərə paylanacaq.

Xocalıda mövcud içməli və tullantı su şəbəkələrinin genişləndirilməsi işləri də həyata keçirilir. Yeni inşa edilən fərdi yaşayış evlərinin şəbəkələrə qoşulmasını təmin etmək məqsədilə içməli və tullantı su xətləri çəkilir.

Xocalının bir hissəsində mərkəzləşdirilmiş paylayıcı su şəbəkəsi mövcuddur. Kanalizasiya şəbəkəsi isə şəhərin kiçik bir hissəsini əhatə etməklə istismara yararsız vəziyyətdədir. Hazırda şəhərə, eləcə də rayonun bir neçə kənd və qəsəbəsinə Xocalı Sukanal İdarəsi xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti