Bakı. Trend:
Hər kəs süni intellek haqqında danışır, amma biz gələcək illərdəki ixtisaslarda konkret hansı tələblər olacaq deyə bilmərik.
Trend xəbər verir ki, bu barədə bu gün Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “Rəqəmsal genetikamız- Sabahın bacarıqları” adlı paneldə çıxışı zamanı deyib.
O qeyd edib ki, rəqəmsal bacarıqlar gələcək işlərin bir parçası olacaq.
“Biz çalışmalıyıq ki, davamlı işçi qüvvəmiz olsun. Yaxın illərdə orta məktəblərdə rəqəmsal bacarıqlarla bağlı layihə həyata keçirdik. Peşə məktəblərində təhsil alan 30 min tələbədən 5 mini İKT üzrə təhsil alır. Biz bunu əsas ixtisaslardan biri hesab edirik.
Təcrübə 2-3 illik təhsil bir çox sahələrdə faydasız olur. Hələ ki, iki məktəbdə yeni layihə sınayırıq. Hansı ki, tələbə 3 gün dərsdə, 2 gün iş yerində olur. İKT elə bir sahədir ki, biz buraya rahatlıqla vəsait ayırırıq. İKT təhsili olmayanlar əmək bazarında özlərinə iş tapa bilməyəcəklər”,- deyə o qeyd edib.
Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.
Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.Konfransa beynəlxalq və regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici qurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm də digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti haqqında danışacaqlar.