Şuşa. Trend:
Türkiyəli mütəxəssislər Qarabağ və Şərqi Zəngəzurda turizm imkanlarını araşdırıb.
Trend xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şuşada keçirilən “Azərbaycan Sağlamlıq Turizmi Konfransı: İnkişaf İmkanları” adlı konfransda çıxışı zamanı deyib.
"Dövlət Turizm Agentliyi tərəfindən sağlamlıq turizmi resurslarının qiymətləndirilməsi aparılıb və “Azərbaycanda Sağlamlıq Turizmi – Cari Vəziyyət və İnkişaf Perspektivləri” hesabat sənədi hazırlanıb", - sədr bildirib.
O qeyd edib ki, sektorun inkişafı ilə bağlı müxtəlif dövlət və özəl, habelə ictimai birliklərin nümayəndələrinin iştirakı ilə işçi qrupu formalaşdırılıb.
"Naftalan neftinin turizm məhsulu kimi daha da inkişaf etdirilməsi, resursun Avropa və yeni bazarlarda təşviq edilməsi əsas hədəflər sırasındadır. Qeyd etməliyəm ki, Qarabağ və Şərqi Zəngəzur üzrə də sağlamlıq turizmi zəngin potensiallı ərazilər mövcuddur. Bu ərazilərdə Türkiyədən olan mütəxəssislərin cəlb edilməsi ilə turizm, o cümlədən sağlamlıq turizmi resurslarının araşdırılması aparılaraq müvafiq təkliflər verilib.
Bu istiqamətdə, əlbəttə, Kəlbəcər və onun balneoloji imkanları xüsusilə seçilir. Kəlbəcərdə turizmin inkişafına dair hazırlanmış konsepsiya sənədində təklif edilən 5 turizm və rekreasiya zonasından ikisi mineral-termal bulaqlar ətrafında olmaqla sağlamlıq turizmi profilinə sahibdir.
Həmçinin, Laçın da mineral-termal su resursları ilə zəngin olduğundan, müvafiq sağlamlıq turizmi potensialına malikdir. Şuşa şəhərinin hava-rekreasiya imkanları sağlamlıq turizmi üzrə istiqamətlərin inkişafına töhfə verə bilər".
Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən Şuşa şəhərində “Azərbaycan sağlamlıq turizmi: inkişaf imkanları” mövzusunda konfrans keçirilir. Konfransda Dövlət Turzim Agentliyinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin rəsmiləri, Azərbaycandan və bir sıra xarici ölkələrdən sağlamlıq və tibbi turizm sahəsinin 200-ə yaxın mütəxəssisi iştirak edir.
Konfransda "Azərbaycan sağlamlıq turizmi destinasiyası kimi: Cari vəziyyət və imkanlar", "Sağlamlıq turizmində qlobal və uğurlu təcrübələr: Azərbaycan üçün təkliflər", "Azərbaycan tibbi turizmi: Gələcəyə baxış və strategiya" adlı panel sesiyalar nəzərdə tutulub. Həmçinin sağlamlıq turizmi sənaye sərgisi açılacaq.