Bakı. Trend:
"Azərbaycanda Qadınların İş və Karyera İnkişafının Təşviqində Liderlik Nailiyyətləri" adlı tədbir keçirilib.
Trend xəbər verir ki, tədbir Dünya Bankının AZTAF proqramı çərçivəsində dəstəyi ilə həyata keçirilib.
Tədbirdə Dünya Bankının Azərbaycan üzrə meneceri Stefanie Stalmeister, "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya Departamentinin rəhbəri Aybəniz İsmayılova, Bakı Limanının İnsan resursları departamentinin aparıcı mütəxəssisi Nuranə Muradova, Dünya Bankının Gender üzrə baş məsləhətçisi Şəmsiyyə Mustafayeva və digər şəxslər iştirak ediblər.
Tədbirdə Bakı Limanı və Azərbaycan Dəmir Yollarında aparılmış gender qiymətləndirməsinin əsas nəticələri, bir neçə Azərbaycan şirkətində qadınların məşğulluğunun artırılması sahəsində nailiyyətlər təqdim olunub və Dünya Bankının Azərbaycan dilində tərtib etdiyi iş yerində sağlamlıq və əməyin mühafizəsi üzrə onlayn təlim kursu barədə məlumat verilib.
Bakı Limanının İnsan resursları departamentinin aparıcı mütəxəssisi Nuranə Muradova bildirib ki, beş illik göstəricilərə əsasən, xanımlar liman sənayesində rəhbər və inzibati rolların 42%-ni tuturlar.
O bildirib ki, iki il bundan əvvəl bu göstərici 5% təşkil edirdi:
"Əlbəttə, bu, bizim üçün böyük bir uğurdur. İki il öncəyə qədər Bakı Limanında xanımların sayı 5% təşkil edirdi. Lakin bu gün artıq bu rəqəmi 11%-ə çatdırmışıq.
Limanın inkişaf strategiyasına uyğun olaraq 2030-cu ilə qədər bu sayı 20%-ə çatdırmağı planlaşdırırıq. Bunun üçün Bakı Limanı bir çox layihələr həyata keçirməkdədir".
Dünya Bankının Azərbaycan nümayəndəliyinin əməliyyatlar üzrə baş mütəxəssisi Səidə Bağırlı deyib ki, gender bərabərliyi yalnız etik baxımdan əhəmiyyətli deyil, həmçinin, iqtisadi inkişafı təmin etməkdə mühüm bir faktordur.
O bildirib ki, qadınlar bu kritik sektorlarda rəhbər və texniki vəzifələrin yalnız kiçik bir hissəsini tutur və bu, gender üzrə əhəmiyyətli maaş fərqinə səbəb olur:
"Ölkədə gender məsələlərini qaldırmaq, müzakirə etmək vacibdir. Azərbaycanın bu sahədə atığı bir çox səylərə baxmayaq, biz yenə də bu sahədə bir sıra çağırışlarla üzləşirik.
Azərbaycanda qadınların orta aylıq əməkhaqqı kişilərlə
müqayisədə təxminən 35 faiz azdır.
Bu maneələri aradan qaldırmaq üçün Azərbaycan bir sıra konkret
addımlar atıb. 2022-ci ilin sonlarında Dünya Bankının analitik
işinin dəstəyi ilə Azərbaycan qadınların məşğulluğuna gender əsaslı
hüquqi məhdudiyyətləri ləğv etdi. 2023-cü ildə ölkədə qadınların
gecə işləməsinə qoyulan məhdudiyyətlər də aradan qaldırıldı".
S.Bağırlı vurğulayıb ki, Azərbaycanda qadınlar nəqliyyat və anbar sahələrində işçi qüvvəsinin 17%-ni, energetikada 11%-ni, tikintidə isə 8%-ni təşkil edir.
"Dünya Bankı bu təkmilləşdirmələri Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi Azərbaycana Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində icra olunan Gender Məsləhət Xidmətləri proqramı vasitəsilə dəstəklənib", - deyə o qeyd edib.
Dünya Bankının Gender üzrə baş məsləhətçisi Şəmsiyyə Mustafayeva deyib ki, McKinsey Qlobal İnstitutunun hesabatında qadınların kişilərlə yanaşı əmək bazarında tam iştirakının 2025-ci ilə qədər qlobal illik ÜDM-ə 28 trilyon ABŞ dolları və ya 26 faiz əlavə gəlir təmin edəcəyi təxmin edilir.
O xatırladıb ki, 2022-ci ildə Azərbaycanda qadınların 62%-i, kişilərin 75%-i əmək bazarında iştirak edib, qadınların 58%-i, kişilərin isə 71%-i məşğul olub:
"Azərbaycan Respublikasının iqtisadiyyatın gücləndirilməsinə və rəqabətqabiliyyətli insan kapitalının yetişdirilməsinə yönəlmiş 2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasının irəli sürülməsi üçün bu çətinliklərin aradan qaldırılması çox vacibdir.
Qadınlar ölkənin istedadlar fondunun əhəmiyyətli bir hissəsini təşkil edir və onların potensialından istifadə etmək iqtisadi artıma təkan verə bilər.
Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən aparılan araşdırmalar göstərir ki, qadınların əmək potensialını tam inkişaf etdirməklə ölkələr əhəmiyyətli makroiqtisadi nailiyyətlər əldə edirlər".