...

“AzərEnerji”də Xocalı faciəsi ilə bağlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2025 13:21 (UTC +04:00)
“AzərEnerji”də Xocalı faciəsi ilə bağlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı “AzərEnerji” ASC tərəfindən Bakıda və regionlarda tədbirlər keçirilib.

İlk öncə “AzərEnerji” və “Azərişıq” ASC-lərin rəhbərliyi başda olmaqla energetiklər, soyqırım qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər. Xocalı soyqırımı abidəsinin önünə gül dəstələri qoyulub, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Daha sonra “AzərEnerji” ASC-nin mərkəzi binasında tədbir keçirilib. Tədbirdə “AzərEnerji” tərəfindən hazırlanan və Xocalı faciəsindən keçən 33 ili əhatə edən film nümayiş olunub.

Tədbirdə çıxış edən “AzərEnerji”nin rəhbəri Baba Rzayev Xocalı soyqırımının öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə xalqımızın yaddaşına heç zaman unudulmayan bir tarix səhifəsi olduğunu bildirib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. “Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu gün artıq Xocalı sakinləri işğaldan azad edilmiş doğma yurd-yuvalarına, Vətənlərinə geri qayıdırlar”.

Tədbirdə çıxış edən digər natiqlər də Xocalı faciəsinin miqyasından, qüdrətlənən Azərbaycan Dövlətinin şəhidlərin qanını yerdə qoymamasından danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti