Bakı.Trend:
Artıq bir müddət ki, Kür çayında sululuq artıb. Bu da öz növbəsində çayın sahilində yaşayan sakinlərdə narahatlığa səbəb olub.
Çayda sululuğun artması nə ilə əlaqədardır və risklər varmı? Bu halın nə zamanadək davam edəcəyi gözlənilir?
Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, mövsümi dəyişikliklər və dağlarda qarın əriməsi çay hövzələrində suyun səviyyəsinin yüksəlməsinə səbəb olub. Xüsusilə yaz aylarında baş verən mövsümi dəyişikliklər çaylarda suyun artması ilə müşahidə olunur.
Çaylarda suyun artması ilə bağlı vəziyyət ADSEA Regional Su Meliorasiya Xidməti tərəfindən nəzarətdə saxlanılır. Hər hansı təhlükə yaranacağı halda operativ tədbirlərin görülməsi nəzərdə tutulub.
Çayların da intensiv yağıntılar zamanı daşmasının qarşısını almaq məqsədilə müvəqqəti bəndsalma işləri həyata keçirilir. Ardınca isə daimi mühafizə bəndləri tikilir. Bu kimi ərazilər rayonlar üzrə fəaliyyət göstərən Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri tərəfindən nəzarətdə saxlanılır.