Bakı. Trend:
Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Lalə Nəzərova Nazirliyin rəsmi saytına müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
- Lalə xanım, ilk öncə bilmək istərdik ki, təşviş pozuntusu nədir və əlamətləri hansılardır?
- Təşviş insanların qavradıqları və ya gözlənilən stress,
təhlükəyə cavab olaraq hiss etdikləri bir duyğudur. Bu vəziyyət,
bir insanın gündəlik həyatına ciddi şəkildə təsir edir və həyat
keyfiyyətini azaldır.
Təşviş pozuntusunun əsas əlamətləri arasında davamlı narahatlıq,
gərginlik hissləri müşahidə olunur. Ürək döyüntülərinin
sürətlənməsi, nəfəs alıb-vermənin daralması, güclü soyuq
tərləmələr, yuxusuzluq və ya yuxu ritminin pozulması, ümidsizlik,
bədbinlik hissləri, həzm sistemi problemləri və mədə bağırsaq
narahatlıqları, diqqət konsentrasiyasında çətinlik, eyni fikirləri
təkrar-təkrar düşünmək meyli (ruminasiya) təşviş zamanı müşahidə
edilən hallardır.
- Təşviş pozuntusunun səbəbləri nələrdir?
- Təşviş pozuntusunun səbəbləri bioloji və psixoloji faktorların
qarışımından qaynaqlanma ehtimalı var. Təşviş pozuntusu beyindəki
bəzi kimyəvi maddələrin balanssızlığından yarana bilər. Bu kimyəvi
maddələrə neyrotransmitterlər kimi tanınan serotonin və
norepinefrin daxildir. Bundan başqa, genetik faktorlar, stres,
xroniki xəstəliklər, zərərli və ya narkotik maddə istifadəsi
təşvişin yaranmasına gətirib çıxara bilər.
Genetik faktorlar dedikdə, əgər valideynlər arasında təşvişli,
həyəcanlı olan varsa, təşviş halı uşağa da ötürülə bilər. Uşaqlıq
dövründə yaşanmış stress və travma halları təşvişin yaranmasına
səbəb olur. Xüsusən uşaqlıqda yaşanmış travmatik hadisələr,
beyindəki qoxu emal mexanizmlərini həssaslaşdıraraq, stres
faktorların qarşı yüksək həssaslığa səbəb ola bilməkdədir.
- Təşviş pozuntusunun növləri hansılardır?
- Təşviş pozuntusunun müxtəlif növləri var. Generalizə olunmuş
Təşviş Pozuntusu (Generalized Anxiety Disorder - GAD) olan
şəxslərdə davamlı və həddindən artıq narahatlıq müşahidə olunur.
İdarə oluna bilməyən vəziyyətlər, insanı daim narahat edir və
yuxusuz qalmasına səbəb olur. Bu xəstəlikdən əziyyət çəkən insanlar
hər bir vəziyyətdə ən pis şeyləri düşünüb, kontrolu itirməkdən və
müsbət nəticənin və ya geri dönüşün olmadığını düşünürlər.
Panik atak çox vaxt xəbərdarlıq etmədən və heç bir səbəb olmadan,
narahatlıq və qorxu ilə qəflətən başlayan ağır təşviş və həyəcan
halıdır. Panika pozuntusunda panik hücumlar qısa müddətli, lakin
çox intensiv qorxu və narahatlıq hissinin yaranmasıdır. Bu hücumlar
fiziki simptomlar da yarada bilir. Məsələn, ürək döyüntüsü, nəfəs
darlığı və başgicəllənmə, ağız quruluğu, boğulma hissi, uyuşma,
tərləmə və titrəmə halı kimi simptomlar müşahidə olunur.
Fobiyalar zamanı xüsusi obyekt və ya vəziyyətlərə qarşı qorxu hissi
özünü büruzə verir. Bizim fobiyalarımız da hiss etdiyimiz
qorxuların bir versiyasıdır. Fobiyalar cəmiyyətdə xəstəlik kimi
deyil, şəxsiyyət xüsusiyyəti və ya vərdiş kimi qəbul edilir.
Post-travmatik stres pozuntusu (PTSP) ciddi bir travmatik hadisə
(məsələn, avtomobil qəzası, təbii fəlakət, zorakılıq, müharibə və
s.) yaşadıqdan sonra yaranan bir psixoloji vəziyyətdir. PTSP-nin
təsirləri fərqli ola bilər, amma ümumiyyətlə insanın gündəlik
həyatını, psixoloji vəziyyətini və emosional sağlamlığını
əhəmiyyətli dərəcədə mənfi şəkildə təsir edir.
Obsessiv kompulsiv pozuntu (OKP) insanların təkrarlanan,məcburi
düşüncələr (obsessiyalar) və ya davranışlara (kompulsiyalar) qarşı
təbii olmayan bir ehtiyac hiss etməsi ilə özünü göstərir. Bu
pozuntu şəxsin gündəlik həyatına ciddi şəkildə təsir edə bilər.
Obsessiyalar şəxs tərəfindən nəzarət edilə bilməyən və çox
narahatedici olan təkrarlanan düşüncələr, şəkillər və ya impulslar
ola bilər. Bu düşüncələr şəxsə narahatlıq və gərginlik yaradır.
Məsələn, bədənə zərər verə biləcək mikroblar və ya çirklənmələr
haqqında narahatlıq şəxsdə təmizlik qorxu hissi yaradır. Düzgünlük
və nizam, hər şeyin müəyyən bir qaydada olması və düzgün yerində
olması barədə obsessiv düşüncələr yaranır.
Kompulsiyalar şəxs tərəfindən narahatlıq və qorxuları azaltmaq üçün
təkrarlanan hərəkətlərdir. Kompulsiyalar müxtəlif formalarda ola
bilir. Təmizlik və dezinfeksiya, təkrarlanan şəkildə əlləri yumaq,
əşyaları təmizləmək, yerə toxunmamaq kimi davranışlar sərgiləyir.
Cavab verməklə təkrarlanan şəkildə müəyyən bir söz və ya cümləni
deyərək, narahatlıq hissini azaltmağa çalışır və bununla da özündə
rahatlıq hissi tapır.
Bəzən əşyaların sıralanması və nizamlanması şəxsdə əşyaların dəqiq
bir şəkildə yerinə qoyulması, məsələn kitabların və ya paltarların
müəyyən bir şəkildə sıralanması müşahidə olunur. Bir şeyin
düzgünlüyünü yoxlamaq üçün təkrarlanan davranışlar, məsələn
qapıların bağlandığını və ya elektrik cihazların söndüyünü yoxlamaq
kimi hərəkətlər meydana çıxır.
- Təşviş pozuntusu necə diaqnoz qoyulur və onun müalicəsi mümkündürmü?
- Təşviş pozuntusu psixoloq və ya psixiatr tərəfindən aparılan
klinik müayinələr nəticəsində diaqnoz edilir. Müxtəlif suallar və
testlər istifadə olunur. Buna görə də, peşəkar bir mütəxəssisə
müraciət etmək vacibdir. Təşviş pozuntusu müalicə oluna biləcək bir
xəstəlikdir. Psixoterapiya, xüsusilə Koqnitiv Davranış Terapiyası
(Cognitive Behavioral Therapy, CBT) və dərman müalicəsi bu
vəziyyəti yaxşılaşdırmağa kömək edir.
CBT şəxsin düşüncə və davranışlarını dəyişdirərək təşviş
pozuntusunu azaldır. Bu terapiya, şəxsin narahatlıq yaradan
düşüncələrini tanımasına və onlara fərqli yanaşma yolları tapmasına
kömək edir. Dialektik davranış terapiyası koqnitiv davranış
terapiyaya bənzər olaraq, diqqət mərkəzi insanın davranışını
dəyişdirməkdir. Bu terapiya emosional vəziyyətləri, münasibətləri
tənzimləməyi və bunlarla əlaqəli yaranan problemlərin öhdəsindən
gəlmək bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.
Şəxslər təşviş pozuntusu ilə mübarizə aparmaq üçün müxtəlif
strategiyalar tətbiq edə bilərlər. Bunlar arasında nəfəs məşqləri,
meditasiya, yoqa, fiziki fəaliyyətlər və terapiya müalicələri var.
Fiziki məşqlər endorfinlərin ifrazını təşviq edərək narahatlıq
hissini azalda bilər.
Müntəzəm idman fəaliyyəti təşviş pozuntusunun simptomlarını
yüngülləşdirə bilər. Eyni zamanda, yaxınlarının göstərdiyi səylə
təşviş pozuntusu olan insana kömək göstərmək olar. Anlayışlı,
səbirli olmaqla, şəxsə göstərilən emosional dəstək şəxsin təşvişini
azaltmağa kömək edə bilər. Ailə üzvləri, şəxsə psixoterapiya və
müalicə axtarışında dəstək göstərə bilərlər. Təşviş pozuntusunun
təkrarlanma ehtimalı var. Lakin düzgün müalicə və stresə idarəetmə
üsulları ilə təkrarlanma ehtimalı azaldıla bilər.
- Təşviş pozuntusunda risk faktorları hansılardır?
- Təşviş problemləri ayrılıq və tərk edilmə vəziyyətlərinə qarşı
yüksək həssaslıq göstərən insanlarda daha sıx görülə bilir. Qəzəbi
idarəermə problemləri və asılılıq meylləri olan fərdlər təşviş
pozuntularına daha çox meylli ola bilir. Bundan əlavə, davamlı
stresli və təzyiqli bir mühitdə yaşayan insanlar təşviş inkişaf
etdirmə ehtimalı daha yüksək olan fərdlərdir.
Güvənsiz və ya problemli bağlanma üslubları təşviş problemlərinə
yol açır. Şəxsin özü ilə ətrafdakı dünya arasında davamlı bir
qopuqluq hissi yaşaması təşviş pozuntularının inkişafına kömək
edir.
- Təşviş hücumlarını necə aradan qaldırmaq olar?
- Təşviş hücumları zamanı sakitləşmək və simptomları
yüngülləşdirmək üçün bəzi strategiyalar tətbiq oluna bilər. Bu
üsullar təhlükə və ya stres azaldıldıqda və ya siz sakitləşdikdə
təşviş vəziyyətinin də yüngülləşdirməsinə kömək edir. Sakitləşmə
prosesində düzgün nəfəs alma olduqca effektivdir. Nəfəs alma
məşqləri etməklə sakitləşə və diqqətinizi yenidən bərpa edə
bilərsiniz. Məsələn, 4 saniyə içərisində burnumuzla nəfəsi daxilə
alırıq, 4 saniyə içərisində nəfəsimizi saxlayırıq və ağzımızla
həmin nəfəsi buraxırıq.
Narahat edən düşüncələrinizi yazın və onlar haqqında düşünmək üçün
günün müəyyən bir vaxtını ayırın. Bu, davamlı narahat edən düşüncə
nümunələrinin qarşısını almağa kömək edə bilər. Gələcək üçün
narahat olmaq əvəzinə, indiki məqama diqqət yetirin. İndiki anda
narahat olmanıza səbəb olacaq bir vəziyyətin olmadığını özünüzə
xatırladın. Təşviş hücumlarının başladığını hiss etdikdə, özünüzü
məşğul edəcək fəaliyyətlər tapın. Gəzinti, kitab oxumaq və ya film
izləmək kimi fəaliyyətlər sizə narahatedici düşüncələrdən
uzaqlaşmağa kömək edə bilər. Həddindən artıq şəkər istehlakı
təşvişi artıra bilər. Bu səbəblə, təşviş hücumu zamanı şəkərli
qidalardan uzaq duraraq, zülalla zəngin qidalar seçin və bol su
içməyə diqqət edin.
- Təşviş pozuntusunun uzunmüddətli təsirləri nədir və onun qarşısını almaq mümkündürmü?
- Uzunmüddətli təşviş pozuntusu insanın iş və sosial həyatına
mənfi təsir edə bilər. O, həmçinin yuxu pozuntuları, depressiya və
fiziki sağlamlıq problemləri yaradır. Təşviş pozuntusu olan şəxs iş
yerində qərar verməkdə çətinlik çəkir, eyni zamanda yüksək
narahatlıq hissi məhsuldarlığı azalda bilər. Əgər təşviş pozuntusu
uzunmüddətli müalicə olunmazsa, o zaman digər psixoloji pozuntular,
məsələn depressiya və digər psixiatrik vəziyyətlər inkişaf edə
bilər.
Təşviş pozuntusunun müalicəsi fərdi olaraq dəyişir. Bəzi insanlar
qısa müddət ərzində yaxşılaşarkən, digərləri üçün daha uzun müalicə
dövrü tələb olunur. Bundan başqa, təşviş pozuntusu hər yaşda ortaya
çıxa bilər. Yetişkinlərdə və həyatın çətin dövrlərində təşviş
pozuntusu inkişaf edə bilər.
Müalicə müddəti hər bir şəxs üçün fərqlidir. Ümumiyyətlə, müalicə
prosesinin başlanğıc mərhələsi bir neçə ay ərzində görülür, davamlı
müalicə isə uzunmüddətli ola bilər.
Təşviş pozuntusunun yalnız “zəif” insanlarda olduğunu düşünmək
yanlışdır. Hər kəsdə təşviş pozuntusu inkişaf edə bilər və bu,
ciddi bir sağlamlıq problemidir. Güclü xarakterə malik insanlarda
da yaşadığı hadisələr nəticəsində təşviş yarana bilər.
Tam olaraq qarşısını almaq çətin olsa da, streslə başa çıxma
metodları, sağlam həyat tərzi və dəstəkləyici mühit təşviş
pozuntusunun qarşısını almağa kömək edə bilər. Sağlam qidalanma
beyin funksiyalarını yaxşılaşdırmağa və narahatlıq səviyyələrini
azaltmağa kömək edir. Omeqa-3 yağ turşuları və kompleks
karbohidratlar təşvişin yüngülləşdirməsində faydalı ola bilər.