Bakı. Trend:
Ortaq milli və mədəni dəyərləri bölüşən türk dövlətləri arasındakı əlaqələr xüsusən son onillikdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bunun da əsas səbəbləri türk dövlətlərinin siyasi, iqtisadi və mədəni müstəvilərdə daha güclü təşkilatlanmaları, qlobal və regional aktuallıq kəsb edən məsələlərdə vahid mövqedən çıxış etmələri, enerji sferası, nəqliyyat və logistika infrastrukturlarının inkişafı istiqamətində əməkdaşlıqlarını genişləndirmələridir.
Hazırda türk dövlətləri arasında həm ikitərəfli formatlarda, həm də onları birləşdirən Türk Dövlətləri Təşkilatı müstəvisində sıx və mükəmməl siyasi, iqtisadi, sosial, mədəni və humanitar əlaqələr mövcuddur. Habelə, Türk Dövlətləri Parlament Assambleyası, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumların fəaliyyəti də onların əlaqələrinin inkişafına mühüm töhfələr verir.
Lakin dinamik inkişafda olan və sürətli dəyişikliklərə məruz qalan regional və qlobal iqtisadi çağırışlar mühüm strateji coğrafiyalarda, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən türk dövlətlərinin qarşısında yeni prioritetlər formalaşdırır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfəri və bu ölkənin Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksək səviyyəli görüşün keçirilməsi göstərir ki, türk dövlətləri bu reallığı düzgün dəyərləndirir, əlaqələrinin daha da güclənməsinə, ən əsası, qarşılıqlı əməkdaşlıqlarının yeni çağırışlarla uzlaşdırılmasına xidmət edən birgə və koordinasiya olunmuş fəaliyyət ortaya qoyurlar.
Əvvəlcə onu qeyd edim ki, son illərdə Azərbaycanın həm Türkmənistan, həm də Özbəkistanla münasibətləri siyasi və iqtisadi müstəvilərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyaraq, strateji məzmun kəsb edib. Dövlət başçılarının intensivləşən qarşılıqlı səfərləri və imzalanan sənədlər əlaqələri daha da möhkəmləndirib. 8 il əvvəl, 2017-ci ilin avqust ayında Azərbaycanla Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bəyannamədə iki dövlətin birgə fəaliyyətinin istiqamətləri müəyyən edilib, siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. O cümlədən sənəddə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirib. Ötən ay Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri, Bakıda keçirdiyi görüşlər, daha sonra Prezident İlham Əliyevlə birlikdə Füzuli və Şuşanı ziyarət etməsi, bu şəhərlərdə aparılan bərpa və quruculuq işləri ilə tanış olması bu iki türk dövləti arasındakı münasibətlərin dostluq və ortaq dəyərlər müstəvisində inkişafından xəbər verdi. Prezident İlham Əliyevin Şuşada, Cıdır düzündə Qurbanqulu Berdiməhəmmədova hədiyyə etdiyi “Dostluq” adlı Qarabağ atı Azərbaycan-Türkmənistan dostluğunun təcəssümü kimi tarixə düşdü. Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində inşa olunacaq məscid isə Azərbaycan-Türkmənistan dostluğunun növbəti rəmzi olacaq.
Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistana işgüzar səfəri zamanı Qurbanqulu Berdiməhəmmədovla görüşündə siyasi münasibətlərdən məmnunluq ifadə edildi, energetika, nəqliyyat, logistika, tranzit, rəqəmsallaşma və mədəni əlaqələr üzrə böyük perspektivlərin olduğu, Şərq-Qərb nəqliyyat dəhlizi ilə bağlı birgə fəaliyyətin böyük coğrafiyaya xeyir gətirəcəyi vurğulandı.
«Əlbəttə, bizim tez-tez görüşməyimiz, hesab edirəm ki, bütün bölgəyə və dünyaya çox ciddi mesajlar verir. Türkmənistan və Azərbaycan - qardaş dövlətlər, qardaş xalqlar hər zaman bir-birinin yanındadır» - deyə Prezident İlham Əliyev görüşdə bildirdi.
Azərbaycan-Özbəkistan münasibətləri də türk dövlətləri arasındakı dostluğun və qardaşlığın ən mükəmməl nümunələrindən biridir. Prezident İlham Əliyevin 2024-cı il avqustun 23-də Özbəkistana etdiyi dövlət səfəri əlaqələrdə tamamilə yeni mərhələnin əsasını qoyub. Belə ki, səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” əlaqələri müttəfiqlik səviyyəsinə yüksəldib. COP29 zamanı Bakıda Azərbaycan Özbəkistan və Qazaxıstanın iştirakı ilə yaşıl enerjinin ötürülməsi ilə bağlı üçtərəfli strateji sazişin imzalanması isə dövlətlərarası münasibətlərdə yeni əməkdaşlığın əsasını qoyub.
Özbəkistan tərəfindən Füzuli şəhərində məktəb binasının inşası işğaldan azad olunan ərazilərimizin bərpasına edilən qardaş hədiyyəsidir. Qarabağın quruculuğunda xarici dövlət tərəfindən edilən ilk ərməğan olan bu məktəb iki ölkənin dostluğunun, həmrəyliyinin ünvanıdır. Özbəkistanın Qarabağın quruculuğuna daha bir töhfəsi Xankəndidə tikiş fabrikinin yaradılmasıdır.
Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında Türkmənbaşı şəhərində keçirilən yüksəksəviyyəli görüş isə göstərdi ki, hər üç dövlət onların inkişafına və qarşılıqlı əlaqələrinin güclənməsinə xidmət edən məsələlərdə həmrəylik nümayiş etdirir. Görüşdə Azərbaycan, Türkmənistan və Özbəkistan arasında siyasi-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın müxtəlif aspektləri, çoxtərəfli qarşılıqlı fəaliyyət məsələləri müzakirə olundu. Hər üç dövlət beynəlxalq nəqliyyət dəhlizlərinin üzərində yerləşdiyindən danışıqlar zamanı nəqliyyat dəhlizlərinin və logistika infrastrukturlarının inkişafı, milli nəqliyyat sistemlərinin inteqrasiyasının dərinləşdirilməsi nəzərdən keçirildi. Bundan başqa energetika sahəsində əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıldı. Habelə humanitar turizm və mədəni mübadilə sahələrində birgə proqramların qəbul olunması ilə bağlı məsələlər müzakirə olundu.
Yüksəksəviyyəli görüş Azərbaycan, Türkmənistan və Özbəkistan arasındakı əlaqələrdə yeni səhifə açır. “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı” isə dost və qardaş dövlətlərin yeni müstəvidə qarşılıqlı əməkdaşlığının hüquqi əsaslarını müəyyən edir. Prezident İlham Əliyev görüşün yekunlarına dair mətbuata bəyanatında buna diqqət çəkərək bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönələn əməkdaşlıq formatının yaradıldığını bildirdi. Bu əməkdaşlıq formatı ondan xəbər verir ki, Azərbaycan, Türkmənistan və Özbəkistan öz milli mənafeləri naminə strateji tərəfdaşlıqlarının daha da dərinləşdirilməsinə yönələn güclü siyasi iradə nümayiş etdirirlər.
Azərbaycanın həm Türkmənistan və Özbəkistanla əlaqələrinə diqqət yetirdikdə, həm də hər üç türk dövlətinin ərazilərinin strateji coğrafi üstünlüyünü nəzərə aldıqda, yeni əməkdaşlıq formatının onlara böyük fayda gətirəcəyini indidən söyləmək mümkündür. Qardaş dövlətlərin üçtərəfli əməkdaşlığı eyni zamanda bütün Türk dünyasının maraqlarının müdafiəsi baxımından əhəmiyyət kəsb edəcək.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı