Azərbaycanın təhsil nazirliyi artıq qarşıdakı tədris ilindən ölkədə təhsilin boloniya sisteminin tətbiq edilməsi üzrə tədbirlər planının gerçəkləşdirilməsinə başlayıb. Nazirlikdə Trend agentliyinə bildirilib ki, nazir Misir Mərdanov Bakıda Şərqi Tennissi (ABŞ) dövlət universitetinin əməkdaşları Riçard Kortum və Salli Lini qəbul edərkən bu barədə bəyan edib.
Nazirin sözlərinə görə, artıq nazirlik tərəfindən Boloniya prosesinin tövsiyələrinin həyata keçirilməsi üzrə hərəkət planı işlənib-hazırlanıb. "Azərbaycan prosesin iştirakçı ölkələri nazirlərinin 2007-ci ildə Londonda keçiriləcək növbəti konfransınadək hərəkət planının bir hissəsinin gerçəkləşdirilməsini planlaşdırır"-deyə M.Mərdanov bildirib.
Nazir qeyd edib ki, yeni tədris ilindən ali məktəblərin akkreditləşdirilməsinə başlanılması, bir sıra ali məktəblərdə kredit sisteminə keçid, məzunların diplomlarının pulsuz verilməsi, tələbə şuralarının yaradılması və s. Kimi işlərə başlanılması planlaşdırılır. R.Kortum Azərbaycanın Boloniya sisteminə qoşulmasını müsbət addım kimi qiymətləndirib və yüksək ixtisaslı pedoqoji kadrların hazırlanması zərurətini qeyd edib.