...

"Maqnium-A" şirkəti ilə Buzovna Kənd İcması arasında razılıq əldə olunub

Cəmiyyət Materials 7 Aprel 2006 14:14 (UTC +04:00)

Bakının Buzovna qəsəbəsindəki "Həzrəti Əli Qədəmgahı" piri ətrafında pansionat inşa etmək istəyən, lakin qəsəbə sakinlərinin etirazı ilə qarşılaşan "Maqnium-A" şirkəti ilə Buzovna Kənd İcması arasında obyektin tikintisinə dair razılıq əldə olunub. Trend xəbər verir ki, bu barədə jurnalistlərə aprelin 6-da mətbuat konfransı keçirən Buzovna Kənd İcması İdarə heyətinin sədri İntiqam Əliyev məlumat verib.

İ.Əliyev bildirib ki, bir neçə ay əvvəl qəsəbə sakinləri "Maqnium-A" şirkətinin pir ətrafında daxilində əyləncə obyekti də olan pansionat inşa etməsinə etiraz bildiriblər. Ölkə başçısı məsələyə qarışandan sonra şirkət hasara aldığı ərazini tərk edib və hasar sökülüb. Lakin sonradan şirkət rəhbərliyi Buzovna Kənd İcmasının rəhbərliyi ilə görüşərək pansionat inşası ilə əlaqədar fərqli bir layihə təklif edib.

"Şirkət rəhbərliyi ilə son görüşlərimizdə bildirdilər ki, niyyətləri Azərbaycanda turizmi inkişaf etdirməkdən ibarətdir. İcmaya təklif edilən yeni layihəyə görə, şirkət əsasən şirkətin qəbəmgahdan təxminən 400, dənizdən isə 130 metr aralı, 6 hektarlıq ərazidə pansionat tikmək istəyir. Bununla yanaşı şirkət qədəmgahın ətrafındakı gölün tamamilə qurudulmasını, ərazinin abadlaşdırılmasını, bağ massivlərinin salınmasını, kanalizasiya sisteminin çəkilməsini və s. işləri də öz üzərinə götürür. Həmçinin pansionatda diskoteka fəaliyyət göstərilməyəcək. Dəniz sahili sərbəst olacaq və əhalinin giriş-çıxışı üçün pul tələb olunmayacaq" - deyə İ.Əliyev vurğulayıb.

İ.Əliyevin sözlərinə görə, yaxın günlərdə layihə ilə bağlı müzakirələrin aparılması üçün qəsəbə sakinlərinin yığıncağı keçiriləcək. Layihənin baş tutub-tutmayacağı da sakinlərin razılığından asılıdır.

Xəbər lenti

Xəbər lenti