"24 saat" qəzetinin baş redaktoru Fikrət Fəraməzoğlunun növbəti məhkəmə prosesi 20 sentyabr saat 15.00-a təyin olunub. Bu barədə Trend ə F.Fəraməzoğlunun özü bildirib.
Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsində F.Fərəməzoğlu barədə Cinayət Məcəlləsinin 147, 148-ci maddələri (şərəf və ləyaqəti təhqiretmə) ilə cinayət işi açılıb. F.Fərəməzoğlu rəhbərlik etdiyi qəzetdə millət vəkili Cavid Qurbanovun şərəf və ləyaqətini təhqir edən yazı dərc etdirməkdə ittiham olunur. Millət vəkili jurnalistin onun anasını erməni adlandırdığını iddia edib. Sentyabrın 13-də Nəsimi Rayon Məhkəməsində hakim Məhəmmədəli Zülfüqarovun sədrliy ilə keçirilən hazırlıq iclasında millət vəkilinin iddiası təmin edilib.
F.Fərəməzoğlu bildirib ki, onun iddiası təmin edilməyib: "Mən bildirdim ki, Konstitusiya və Cinayət Prosessual Məcəlləsinə görə milliyyətin göstərilməsi məhkəmə predmeti ola bilməz. Buna görə də şərəf və ləyaqətin təhqir edilməsi maddəsi ilə iş açmaq qanunsuzdur".