...

2007-ci ildə Azərbaycan və türk diaspor təşkilatlarının birgə forumu keçiriləcək

Cəmiyyət Materials 13 Sentyabr 2006 15:25 (UTC +04:00)

2007-ci ildə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının birgə forumu keçiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, bu il iyunun 6-11-də Türkiyənin Antalya vilayətində keçirilən Dünya Azərbaycanlıları Ziyalılarının I Forumu çərçivəsində Azərbaycan-türk diaspor təşkilatlarının birgə konfransı olub. Həmin konfransda dünyadakı Azərbaycan və türk diasporunun əməkdaşlığına, birgə fəaliyyət göstərməsinə dair razılıq protokolu imzalanıb. Bu sənəddə qardaş xalqların diasporlarının fəaliyyətinin əlaqələndirməsi və sıx əməkdaşlığının prinsipləri əksini tapıb.

Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan və türk diaspor təşkilatlarının vahid strategiyasına dair layihənin hazırlanmasına başlanılıb. Vahid strategiya ilə bağlı Türkiyə tərəfinin rəsmi və qeyri-rəsmi nümayəndələri, dünyada yaşayan türk icmaları ilə görüşlər keçiriləcək, qarşılıqlı müzakirələr aparılacaq. Türk diaspor qurumlarının, həmçinin Azərbaycan diaspor təşkilatlarının, Azərbaycanın müvafiq dövlət orqanları, Xarici İşlər Nazirliyi, Milli Elmlər Akademiyası, Atatürk Mərkəzi, qeyri-hökumət təşkilatları öz təklif və tövsiyələrini verəcəklər. Azərbaycan və türk diasporunun gələcək əməkdaşlığı və birgə fəaliyyətinə dair vahid strategiyanın hazırlanmasında bütün bu təkliflər də nəzərə alınacaq.

Komitədən bildirilib ki, yekunda vahid bir sənəd hazırlanacaq və gələn il keçiriləcək Azərbaycan-Türk diaspor təşkilatları rəhbərlərinin Forumunda müzakirəyə çıxarılacaq. Həmin Forumda sənədin qəbul olunması və diaspor təşkilatları rəhbərləri tərəfindən imzalanması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti