...

ATƏT Cənubi Qafqaz ölkələrinin KİV-ləri üçün seminar keçirir

Cəmiyyət Materials 2 Noyabr 2006 16:34 (UTC +04:00)

Noyabrın 2-də Tbilisidə ATƏT-in Cənubi Qafqaz ölkələrinin KİV-ləri üçün təşkil etdiyi "Media-biznes və onun problemləri" mövzusunda üçüncü konfrans işə başlayıb. Trend in xüsusi müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan, Gürcüstan, Ermənistan, ATƏT və digər beynəlxalq təşkilatların jurnalist və ekspertləri iştirak edir.

Konfransda çıxış edən Ekstremal jurnalistika mərkəzinin direktoru Oleq Panfilov qeyd edib ki, postsovet məkanındakı jurnalistlər ya informasiya müharibəsində, ya da siyasi proseslərdə iştirak etdiklərinə görə təqib olunurlar. O qeyd edib ki, jurnalistlərin hüquqi savadsızlığı məmurların savadsızlığına bərabərdir. Və KİV nə qədə çox inkişaf etsə, onların məmurlarla problemləri bir o qədər az olar.

O.Panfilov bəyan edib ki, postsovet məkanında KİV-in problemlərinin iki başlıca səbəbi var - pis təhsil və mətbuat azadlığının olmaması. O, KİV nümayəndələrinə Cənubi Qafqazda, o cümlədən keçmiş SSRİ-nin digər ölkələrində KİV-in yeni təşəkkülünə başlayacaqlarını, yaxud əvvəlki mövqelərində qalacaqlarını özləri üçün müəyyən etməyi təklif etdi.

Tədbirdə çıxış edən Azərbaycanın "Zerkalo" qəzetinin redaktoru Kənan Quluzadə Azərbaycanda KİV-in işinin hüquqi və siyasi şərtləri məsələsinə toxunub. O qeyd edib ki, hazırda Azərbaycanda rəsmi olaraq təxminən 2600 KİV qeydiyyata alınıb. "Lakin iş kəmiyyətdə deyil, keyfiyyətdədir", - deyə o vurğulayıb. Onun sözlərinə görə, dövlətdə çoxlu sayda KİV var. Hökümətə yaxın olan KİV nümayəndələrinin məlumata və dövlət məmurlarına böyük çıxışı var.

Ekspert Zviad Koridze Gürcüstanda keçmiş dövlət KİV-ləri mövzusuna toxunub. Onun sözlərinə görə, Gürcüstanda dövlətdən dotasiya alan bir neçə dövlət KİV-ləri qalmaqdadır. Lakin onlar tezliklə öz statuslarını dəyişəcəklər. Gürcüstanda dövlətdən maliyyə dəstəyi alan yeganə kanal da öz statusunu nəzərdən keçirəcək. Belə ki, o, ictimai kanal ola bilməz, çünki belə kanal artıq yaradılıb, o, ictimai televiziyanın filialı ola bilər və ya sadəcə olaraq ləğv oluna bilər.

"CS Pablişinq Xaus" adından çıxış edən Vardan Aloyan Ermənistanda qəzet biznesi probleminə toxunub. O qeyd edib ki, ölkədə ictimai-siyasi qəzetlərlə bağlı problemlər mövcuddur. Son 12 il ərzində qəzet istehsalının qiyməti artır, lakin qəzetlərin qiyməti əvvəlki kimi qalır. Qəzetlərin maliyyə dəstəyinə ehtiyacları var. "SSRİ dağıldıqdan sonra Ermənistanda qəzetlər ya biznesdən başı çıxan jurnalistlər, ya da siyasi qüvvələr tərəfindən təsis olunmağa başladılar. Hazırda qəzetlərin redaktoru həm də onun təsisçisidir. Ən böyük gündəlik qəzet olan "Armyanskoe vremya" qəzetinin tirajı 5 mindən çox deyil", - deyə V.Aloyan bildirib. O, KİV-in sağlam rəqabətin olduğu reklam bazarı ilə bağlı problemlərini xüsusilə vurğulayıb.

London Açıq cəmiyyət Fondunun hüquq məsələləri üzrə baş müşaviri Moris Lipson qeyd edib ki, Cənubi Qafqaz ölkələrinin bir çox telekanallarında eyni keyfiyyətli proqramlar yayımlanır. O bildirib ki, müxtəlif ölkələrdə müxtəlif inhisar növləri mövcuddur. O, İtaliyadakı vəziyyəti buna misal göstərib. Həmin ölkədə keçmiş baş nazir Silvio Berluskoni üç telekanalın sahibidir. M.Lipson həmçinin telekanal bazarında dominasiyanın digər formalarına toxunub və artıq analoji telekanalların sahibləri tərəfindən müqavimətin hiss olunduğuna baxmayaraq, telekanallarda bir çox problemləri aradan qaldırmaq üçün rəqəmli yayımdan istifadəyə keçidin mühümlüyünü vurğulayıb.

O, həmçinin bir sıra tövsiyyələr bildirib. O qeyd edib ki, hər şeydən əvvəl, KİV bazarında bir neçə oyunun üstünlük təşkil etməsinin qarşısını almaq üçün qanunun qəbul olunmasına, bu sahədə şəffaflığı təmin edəcək qaydalardan istifadəyə və telekanalların lisenziyalaşmasının monitorinqini keçirməyə nail olmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti