...

Məhkumların islahı dini təbliğatla mümkündür

Cəmiyyət Materials 14 Mart 2007 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Cəzaçəkmə müəssisələrində məhkumlar arasında intihar hallarının qarşısnın alınması, onların islahı yalnız dini maarifləndirmə işinin aparılması ilə mümkündür. Bu fikirlər martın 12-də Beynəlxalq Mətbuat Mərkəzində "İslah prosesində dinin rolu" mövzusunda keçirilən dəyirmi masada səsləndirilib.

"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyinin cəzaçəkmə müəssisələrində apardıgı monitorinqlə müəyyən edilib ki, məhkumların daha səmərəli islah olunması üçün onlarda dini dəyərlərin aşılanmasına, mənəvi cəhətdən kamilləşmələrinə yardım göstərməyə ehtiyac var. İctimai Birliyin sədri, professor Kamil Səlimov qeyd edib ki, bu istiqamətdə həm dini qurumlar, həm Penitensiar Xidmət, həm də qeyri-hökumət təşkilatlarının səmərəli fəaliyyətə başlaması üçün təkliflər verilməlidir. Səlimovun sözlərinə görə, məhkumların qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından biri də dini ayinlərin icra edilməsi hüququdur və bunu həyata keçirmək üçün hazırda cəzaçəkmə müəssisələrinin əksəriyyətində ibadət otaqları yaradılıb. Lakin cəzaçəkmə müəssisələrinin təlim-tərbiyə işində dini dəyərlərin təbliği zəif və pərakəndə təşkil olunub.

Tədbir iştirakçıları qeyd ediblər ki, cəzaçəkmə müəssisələrinə dini kitab adı altında müxtəlif təyinatlı, xüsusilə missoner təşkilatların mararqlarına xidmət edən ədəbiyyatlar keçirilir. Bu səbəbdən də nəzarətin gücləndirilməsi vacib sayılıb.

Tədbirin sonunda Azərbaycanda fəaliyyət göstərən bir sıra dini qurumların, QHT-lərin adından Ədliyyə Nazirliyinə birgə müraciət qəbul olunub. Müraciətdə din xadimləri və cəzaları icra edən orqanlar arasında sıx əməkdaşlığın qurulması, cəzaçəkmə müəssisələrində dini kitabxanaların yaradılması, müəssisələrə din xadimlərinin təhkim olunması təklif olunub. Həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Penitensiar Xidmət arasında saziş bağlanması məsləhət görülüb..

Xəbər lenti

Xəbər lenti