Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ötən il dekabrın 24-də ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, kiçik çavuş Samir Məmmədovla növbəti dəfə görüşüblər. Komitənin Azərbaycan nümayəndəliyindən bazar ertəsi bildirilib ki, Məmmədovun saxlanma şəraitinin monitorinqi aparılıb, onun fiziki və psixoloji durumu öyrənilib. Lakin monitorinqin nəticələri məxfi olduğundan bu barədə məlumat verilmir. Komitənin Azərbaycan nümayəndəliyi Məmmədovun üçüncü bir ölkəyə keçmək istəyi barədə yayılan məlumatı təsdiqləməyib.
Əsirin əmisi Vidadi Məmmədov isə bazar ertəsi Trend ə bildirib ki, Komitənin Ermənistandakı nümayəndələri Samirə baş çəkib və ailəsinin məktublarını çatdırıb. Lakin Samir bu dəfə də ailəsinə cavab məktubu yazmayıb. Əsirin əmisi bildirib ki, Komitənin nümayəndələri Samirin ailəsinə məktub yazmaqdan imtina etdiyini deyiblər: "Biz Komitənin Ermənistan nümayəndələrinin fəaliyyətinə şübhə ilə yanaşırıq. Bizim Samirə göndərdiyimiz məktubların heç biri ona çatdırılmayıb. Samirə də yalandan deyirlər ki, valideynləri ona məktub yazmaqdan imtina edib".
Məmmədov Samirin Azərbaycana qayıtmaqdan imtina etməsi və onun üçüncü ölkəyə keçməsi barədə yayılan məlumatları da əssasız sayır. Onun sözlərinə görə, Samir vətənpərvər olduğundan heç vaxt belə bəyanat verə bilməz.
Qazax rayonundakı N saylı hərbi hissənin əsgəri, Bərdə rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılan Məmmədov hərbi hissədən 15 kilometr aralıda, Qazax-İcevan sərhəddində ermənilər tərəfindən əsir götürülüb.