...

Qobustan həbsxanasında aclıq edən məhkumlardan birinin səhhəti ağırlaşıb

Cəmiyyət Materials 25 İyun 2007 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında aclıq edən məhkumlar aclığı davam etdirir. Ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş, Milli Məclis sədrinin birinci müavini Afiəddin Cəlilovun qətlində təqsirləndirilən Dəyanət Kərimovun səhhəti ağırlaşıb.

Məhbusun bacısı Nübar Kərimova bazar ertəsi Trend ə bildirib ki, qardaşı ilə telefonla danışıb. Qardaşı sol ayağının şişdiyini bildirib. O, cəza çəkdiyi kamerada 3 həkim tərəfindən müayinə olunsa da, xəstəliyinin səbəbini müəyyənləşdirə bilməyiblər. Kərimovanın sözlərinə görə, qardaşını Mərkəzi Xəstəxanaya köçürmək istəyirlər, çünki qardaşının həyatı üçün təhlükə yaranıb. Dəyanətin səhhəti ağır olsa da, aclığı davam etdirir. O, Cəlilovun qatili olmadığını deyir.

Məhkumların qohumları Qobustanda 50-dən artıq ölüm cəzası ömürlüklə əvəzlənmiş məhkumun aclıq etdiyini, aksiyanın isə iyunun 18-dən başladığını deyiblər. Penitensiar Xidmətdən isə həbsxanada iyunun 20-dən 38 məhkumun aclığa başladığı və onlardan birinin aclığı dayandırdığı bildirilib.

İdarədən aclıq edən məhkumlar arasında 2000-ci ildən sonra ömürlük azadlıqdan məhrum edilmiş məhkumların da olduğu düyilib. Onlar da ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumlar kimi cəzalarının 15 ilə endirilməsini tələb edirlər.

Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 84 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən sonra məhkumların sayı 128 nəfər olub.

Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. Bu, ağır cəza kimi qəbul edilə bilməz.

Eyni tələblə bir qrup məhkum aprelin 16-dan 20-dək aclıq aksiyası keçirmişdi.

Xəbər lenti

Xəbər lenti