...

Mərhum jurnalist Elmar Hüseynovun yubileyi qeyd edilib

Cəmiyyət Materials 17 İyul 2007 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Monitor" jurnalının baş redaktoru mərhum Elmar Hüseynovun çərşənbə axşamı 40 yaşı qeyd olunub. Bu münasibətlə Elmar Hüseynov Fondunun təşkilatçılığı ilə dəyirmi masa keçirilib.

Toplantıda Elmar Hüseynovun 40 illik yubileyinə həsr olunmuş "Hələ ki, işıq yanır" adlı kitabın təqdimatı olub. Kitabda mərhum Hüseynovun yazıları toplanıb. Bu, onun yazılarının kitab şəklində buraxıldığı ikinci nəşrdir.

Tədbirdə Fondun həmtəsisçisi Şahbaz Xuduoğlu bildirib ki, Elmar Hüseynov Azərbaycan mətbuatının mühafizə divarı idi və onu öldürməklə bu divarı dağıtdılar. Xuduoğlu həmçinin bildirib ki, mərhum jurnalistin qətli ilə bağlı aparılan istintaqa dair dünən açıqlama verilib, istintaq qrupunun Gürcüstana səfər etdiyi açıqlanıb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Conatan Henik çıxışında bildirib ki, Hüseynovun xatirəsinə ən böyük ehtiram onun işini davam etdirməkdir. "Monitor" jurnalının redaktoru Bela Zakirova isə qeyd edib ki, Hüseynov sağlığında öz yazıları ilə ictimai fikrə təsir göstərirdi. İndi isə əsas odur ki, onun xatirəsi təsir gücünə malik olsun.

Qəzet redaktorları, jurnalist qurumlarının rəhbərləri, xarici diplomatlar çıxışlarında Hüseynovun Azərbaycanda azad sözün, cəsarətli jurnalist mövqeyinin formalaşmasında oynadığı roldan danışıblar.

Toplantıdan sonra jurnalistlər, qəzet redaktorları mərhum jurnalistin məzarını ziyarət ediblər.

Xəbər lenti

Xəbər lenti