...

Azərbaycanın ali məktəblərinə II ixtisas qrupu üzrə qəbul imtahanları gedir

Cəmiyyət Materials 27 İyul 2007 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 2007/2008-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə II ixtisas qrupu üzrə (iqtisadiyyat, idarəetmə, sosiologiya və coğrafiya ixtisasları) bu gün qəbul imtahanları keçirilir. İmtahanlar Bakıda 22, Naxçıvanda 2, Sumqayıtda 5 binada aparılır. Saat 9.00-dan abituriyentlər imtahan verəcəkləri binaların qarşısına toplaşmağa başlayıblar. Saat 11.00-da imtahanlara start verilir, saat 14.00-da başa çatır.

Tələbə Qəbulu  üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə,

II qrupa daxil olan 49  ixtisas üzrə 19 dövlət və 13 özəl ali məktəblərdə mütəxəssis hazırlığı aparılır. II qrup üzrə bu il 17971 abituriyent sənəd təqdim edib. Onlardan 12779 nəfəri oğlan, 5192 nəfəri qız abituriyentlərdir. Bakı şəhərində 14245, Naxçıvanda 766, Sumqayıtda isə 2960 abituriyent imtahan verir.

İmtahanlara Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən 1124 nəzarətçi-müəllim, 108  imtahan rəhbəri cəlb olunub. 

II qrup üzrə sənəd verən abituriyentlərin təqribən 54 %-i şəhərlərdə yaşayır. 

II ixtisas qrupu üzrə abituriyentlərin 12160  nəfəri orta məktəbi bu il bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 67 abituriyent  xarici ölkələrin vətəndaşıdır. 99 abituriyent ali təhsillidir və ikinci ali  təhsil almaq arzusundadır. Bu qrup üzrə 455  abituriyent orta ixtisas məktəblərinin məzunlarıdır. II ixtisas qrupu üzrə ən yaşlı abituriyent 1959 -cu, ən gənc isə 1992-ci il təvəllüdlüdür.

2006-cı ildə II ixtisas qrupu üzrə 388 abituriyent 600-dən yuxarı bal toplamış, ən yüksək göstərici 697.500 bal olmuşdu. 26  nəfər Azərbaycan Prezidentinin təqaüdünə layiq görülmüşdü. 

Statistik araşdırmaya əsasən, bu il təhsillərini II qrup üzrə davam etdirmək arzusunda olanların sayı ötən illərlə müqayisədə daha çoxdur.

Təhlillər göstərir ki, II qrup (iqtisadiyyat və idarəetmə ixtisasları) oğlan abituriyentlərin I qrupdan  (texniki ixtisaslar) sonra daha çox üstünlük verdikləri ikinci sahədir.

II ixtisas qrupu üzrə nəzərdə tutulan 7270  plan yerindən ən çoxu ümumi iqtisadiyyat  (1107  yer), mühəndis iqtisadiyyatı və idarəetmə  (488 yer), biznesin təşkili və idarə edilməsi (447 yer) ixtisaslarına ayrılıb.

Xatırladaq ki, birinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanları artıq keçirilib.

Xəbər lenti

Xəbər lenti