...

Aktyor Coşğun Rəhimov: "Yaşar Nuri və Siyavuş Aslan eqoistdirlər"

Cəmiyyət Materials 22 Avqust 2007 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust / "TrendLife" , müxbir Vüqar İmanov/ Tanınmış sovet aktyoru Arkadiy Raykin deyirdi: "Gülüş incəsənəti digər incəsənətlərlə müqayisədə daha vacibdir". O, tamaşaçılarla söhbət etməyi çox sevirdi. İndi isə keçək əsas söhbətə. Rafael və Coşğun duet aktyorları televiziya efirində "Bu şəhərdə" telelayihəsini yaradıblar. Hazırda bu verilişə olan tələbat günü-gündən artır. Həqiqətən onların bu verilişi çox uğurlu layihədir. Gənc istedadlı artistlər həqiqətən tamaşaçıları öz gözəl lətifələri ilə ürəkdən güldürə bilirlər. Bəs nə üçün belə gənclər respublikada çox azdır? Coşğun "TrendLife"la bu barədə etdiyi söhbətdə yaşlı nəsli günahlandırdı.

- Gərək lətifə və satira incəsənətinə bir az ehtiyatla yanaşasan. Səhnədə klounluqla məşğul olan hər kəsi aktyor adlandırmaq olmaz. O ki qaldı istedadlı gənc aktyorların səhnədə çatışmazlığına, hesab edirəm ki, bu işdə yaşlı nəsil günahkardır. Məsələn, Yaşar Nuri və Siyavuş Aslan kimi sənətçilər istəmirlər ki, onların sənətlərini kimsə davam etdirsin. Bu nəsildə eqoistlik çoxdur. Onlar tələbələrlə məşğul olmurlar, heç onların tələbələri də yoxdur. Bizim kimi aktyorları isə bəyənmirlər. Lakin mən onların məsləhətlərini eşitmək istərdim. Düzgün yol göstərsinlər, əsl yumorun nə olduğunu başa salsınlar. Təəssüf ki, bunu etmirlər! Bu gün mən Gənc Tamaşaçılar Teatrının aktyoruyam. Həm də Hüseynağa Atakişiyevin tələbəsiyəm. Mən universitetin 3-cü kursunda oxuyanda teatra dəvət almışdım və orada müvafiq rollarda çıxış edirdim. Lakin mən komik rollar oynayanda başa düşdüm ki, nə qədər çətindir. Çünki öz roluna nə qədər ciddi yanaşsan bir o qədər gülməli alınır. Lakin bəziləri bunu başa düşmürlər. Təəssüf ki, bəzi komediya oynayan artistlər sırf gülmək üçün oynayırlar. Biz Rafaellə gülməli yumorla yanaşı, həm də sosial problemləri həll etməyə çalışırıq. Qoy insanlar gülə-gülə həm də fikirləşsinlər.

- Belə çıxır ki, bu gün bütün yumor klounlaşıb?

- Bəli. Çünki komediya məktəbi hazırda çox zəifdir.

- Hazırda milli komediyaların təqdimatında zallar boş, lakin Rus Dram Teatrında həmişə anşlaq olur.

-Tamamilə haqlısınız. Mənim də Rus Dram Teatrında hazırlanan tamaşalar çox xoşuma gəlir. Orada doğrudan da əla ustatlar toplanıb. Maraqlı tamaşalar göstərirlər. Lakin bir şeyi başa düşmürəm. Nəyə görə illi teatrımız zövqünü itirib. Elə bil orada akytorları zorla oynadırlar. Ümumiyyətlə, dramatik əsərlər yaradılmır. Teatr özü böyük məktəbdir. Ora tamaşaçı nəinki nəsə öyrənməyə, hətta dincəlməyə gəlir. İndi tamaşaçı toplamaq çox çətindir. Nəinki toplamaq, onların sevgisini qazanmaq da asan deyil.

- Rusiya kanallarında yumoristik verilişlər çoxdur. Onların çoxu da reytinqli verilişlərdir.

- Elə verilişləri yaratmaq üçün aktyor öz üzərində çalışmalıdır. Məsələn, bizim olan "Bizim şəhərdə"də bütün quruluşlar həyatdan götürülüb. Ümumiyyətlə, aktyor həm də müşahidəçi olmalıdır. Küçədən, toydan, parkdan hansısa obrazı götürməyi bacarmalıdır. Məsələn, biz Rafaellə məşhurluq üçün çalışmırıq. Sadəcə, öz sənətimizə olan sevgimizdən çalışırıq. Və hər zaman çalışacayıq ki, bütün çirkabları təmizləyək.

- Tamaşaçı alqışları və zalın dolu olması sizin ustalığınızı göstərir?

- Biz yeddi il bundan əvvəl "Bu şəhərdə"ni yaradanda göbək rəqsinə, yataq səhnəsinə görə bir az qorxurduq. Qorxurduq ona görə ki, tamaşaçı bizi düzgün başa düşməz. Allaha çox şükür ki, belə bir şey olmadı. Faktiki olaraq biz iki nəfərdən ibarət teatr yaratdıq. İnanın səhnəni iki aktyorla saxlamaq çox çətindir. Bizə tez-tez Rusiyadan olan ustadlar gəlir. Onlar bura "xaltura" üçün gəlir. Yəni səhnə paltarı-filanı olmadan. Bizim tamaşaçılara hörmətsiz yanaşırlar. Məsələn, biz qastrola gedəndə ən xırda aksesuarlarımıza qədər götürürük. Darağımızdan tutmuş corablarımıza qədər. Bizi sevdikləri və qəbul etdikləri üçün çox sevinirik!

Xəbər lenti

Xəbər lenti