Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir M.Əliyev/
Mark Koqanov Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident təyin edilib. Bu barədə çərşənbə axşamı Trend-ə federasiyanın baş katibi Fərid Bənəniyarlı bildirib.
Mark Koqanov 1964-cü ildə Bakıda anadan olub və bir neçə dəfə su polosu üzrə Azərbaycan çempionu olub. Azərbaycan Tibb İnstitutunun Bədən tərbiyəsi kafedrasında müəllim kimi çalışıb. 2002-ci ildən su polosu üzrə beynəlxalq dərəcəli hakimdir. İki dəfə - 2009-cu və 2011-ci illərdə dünya çempionatlarının finalında hakimlik edib. Habelə Dünya Kubokunun, Avropa çempionatının, Asiya Oyunlarının, dörd dəfə Avropa Liqasının, ABŞ tələbə çempionatının hakimi olub.
Koqanovun Trend-ə dediyi kimi, Azərbaycanda su idmanı növlərinin inkişafı üçün uşaqlara və böyüklərə elementar üzgüçülük vərdişlərinin öyrədilməsi, hovuzların mövcud olduğu uşaq-gənclər idman məktəblərinin proqramlarına üzgüçülüyün daxil edilməsi vacibdir. Bu proseslər azərbaycanlı idmançıların Avropa və dünya çempionatlarında, Avropa, İslam və Olimpiya oyunlarında nailiyyətlər qazanmasına imkan verəcək.
Onun sözlərinə görə, başlanğıc mərhələdə hədəflərə nail olmaq üçün su idman növlərinə ənənəvi rəng qatan ölkələrdən - Avropa, ABŞ və Avstraliyadan məşhur mütəxəssislər dəvət ediləcək.
"Onların vəzifələrinə yalnız bilavasitə idmançıların hazırlığı deyil, həm də məşqçi kadrlarının hazırlanması, yerli mütəxəssislərin uyğun idman növlərində ən son yeniliklərlə tanış edilməsi, bizim məşqçilər, həkimlər və idman təşkilatçılarımızala birgə praktiki iş daxil olacaq", - Koqanov deyib.
Onun sözlərinə görə, Bakıda su idmanı növlərinin inkişafı üçün su növləri üzrə yeni, müasir komplekslərin tikintisi həlledici əhəmiyyətə malik olacaq.
"Respublikanın rayonlarında son illərdə tikilmiş hovuzlar bizim uzunmüddətli proqramımızın icrasına çox kömək edəcək", - federasiyanın vitse-prezidenti deyib.
O, Bakıda yeni kompleksin tikintisinin maksimum qısa müddətdə başa çatacağına ümid etdiyini bildirib və qeyd edib ki, kompleks 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının yarışlarını qəbul edəcək.
"2015-ci il oyunlarına bilavasitə hazırlıq barədə danışarkən qeyd etmək lazımdır ki, çox az vaxt qalıb. Bütün növlər üzrə yerli və xarici mütəxəssislərin iştirakı ilə hazırlıq planları yaradılacaq. Müvafiq növlərdə lider ölkələr tərəfindən qazanılmış metodlardan istifadə olunacaq. Ehtimal ki, bu mərhələdə bizə Azərbaycan atletlərinin maksimum iştirakı ilə dəvət edilmiş idmançıların kombinasiyasından istifadə etmək lazım gələcək, - Koqanov deyib. - Azərbaycanı təmsil edəcək idmançılar ən böyük və nüfuzlu Avropa və dünya yarışlarında iştirak edəcəklər. 2015-ci ildə ən böyük Avropa idman yarışında Azərbaycanı layiqincə təmsil etmək üçün qarşıdakı iki il yarımlıq hazırlıq illəri ərzində təcrübə toplamaq lazımdır".