...

ABŞ-ın aparıcı idman jurnalisti 2015 Avropa Oyunları ilə bağlı Azərbaycan mediasına çağırış edib

İdman Materials 14 Aprel 2013 13:13 (UTC +04:00)
Azərbaycan idman jurnalistləri 2015 Avropa Oyunları ilə bağlı təqdimatlarına artıq indidən başlamalıdırlar
ABŞ-ın aparıcı idman jurnalisti 2015 Avropa Oyunları ilə bağlı Azərbaycan mediasına çağırış edib

Azərbaycan, Bakı, 14 aprel / Trend müxbir M.Əliyev/

Azərbaycan idman jurnalistləri 2015 Avropa Oyunları ilə bağlı təqdimatlarına artıq indidən başlamalıdırlar. Trend-in məlumatına görə, bu barədə tanınmış amerikalı idman jurnalisti, ABŞ-ın ESPN Televiziya Xəbərləri şəbəkəsinin aparıcı idman jurnalisti Ceyn MakManus Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının bazar günü Bakıda təşkil etdiyi görüşdə bildirib.

O qeyd edib ki, bu Olimpiadanın ilk dəfə keçiriləcəyini nəzərə alaraq Azərbaycan idman jurnalistləri həmin oyunlara qatılması gözlənilən məşhur idmançıları artıq indidən cəmiyyətə təqdim etməlidirlər, onlar barədə silsilə reportajlar hazırlamalıdırlar, yarışların keçiriləcəyi məkanları nümayiş etdirməlidirlər.

"Nyu-York şəhəri 2014-cü ildə Amerika futbol növü üzrə ən nüfuzlu Super Bol çempionatını təşkil edəcək. Həmin çempionatın hələ gələn il keçiriləcəyinə baxmayaraq artıq Nyu-York nəşrləri geniş şəkildə turnirdə iştirak edəcək idmançıların, arenaların təqdimatına başlayıblar. Düşünürəm ki, Azərbaycan da bu təcrübədən yararlana bilər. Bir müddət əvvəldən başlayan təqdimat cəmiyyətin həmin yarışa olan marağını artıracaq", - Ceyn MakManus deyib.

Eyni zamanda Kolumbiya Universitetinin jurnalistika üzrə professoru da olan MakManus görüşdə idman jurnalistikasının tədrisi ilə bağlı ABŞ təcrübəsi ilə bölüşüb. O qeyd edib ki, jurnalistikanın ali dəyərləri olan qərəzsizlik, dəqiqlik, operativlik idman jurnalistikası üçün xüsusi əhəmiyyət kəsb edir.

"İdman jurnalisti hansı sa bir komandanın "fanatı" ola bilməz. Əks halda bu onun yaydığı məlumatlarda qərəzliliyə səbəb olacaq", - MakManus deyib.

Ceyn Mak Manus 1998-ci ildən bəri Nyu-Yorkun idman hadisələrindən yazır. Onun yazıları Newsday, "USA Today", "The Journal News" və "The New York Times" qəzetlərində nəşr olunur. Mak Manus 2008-ci ildən bəri roller derbisində çıxış edir.

Qeyd edək ki, 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Romada keçirilən iclasında 2015-ci il Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti