Azərbaycan, Bakı, 11 may /Trend/
Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Vergilər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Xaçmaz rayon İcra Hakimiyyəti, eləcə də Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Xaçmaz rayonunda (Yalama qəsəbəsi) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş səmti müəyyən etmə idmanı üzrə Birinci Beynəlxalq Açıq Kubok Yarışının rəsmi açılış mərasimi baş tutub.
Federasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, açılış mərasimində Azərbaycanın müxtəlif nazirlik, idarə, təşkilat, ali təhsil müəssisələri və şirkətlərini, eləcə də Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan, Moldova, Qazaxıstan, Fransa, Çin, Koreya kimi ölkələri təmsil edən 30-a yaxın komandanın nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Səmti Müəyyən Etmə İdmanı Federasiyasının prezidenti Mirəli Kazımov bu tədbirin əsas məqsədi və əhəmiyyətindən danışıb: "Bildiyiniz kimi, Azərbaycanda səmti müəyyən etmə idmanı üzrə ilk dəfə olaraq keçirilən Birinci Beynəlxalq Turnir Azərbaycanın ümummilli lideri, görkəmli siyasi xadim Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Hər kəsə məlumdur ki, Heydər Əliyev ölkədə hər bir sahənin olduğu kimi, idmanın inkişafına da böyük diqqət ayırıb, kütləvi idman növlərinin əhalinin geniş təbəqələri, xüsusilə də gənclər arasında yayılmasına xüsusi önəm verirdi".
Sonra söz Beynəlxalq Səmti Müəyyən Etmə İdmanı Federasiyasının nümayəndəsi xanım Tatyana Kalendaroğluna verilib. Kalendaroğlu bütün tədbir iştirakçılarını salamlayaraq onlara yarışlarda bol uğur arzu edib. Daha sonra xanım Kalendaroğlu Beynəlxalq Səmti Müəyyən Etmə İdmanı Federasiyasının prezidenti Brayn Porteosun Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Səmti Müəyyən Etmə İdmanı Federasiyasının prezidenti Mirəli Kazımovun adına ünvanlanmış məktublarını tədbir iştirakçılarına təqdim edib. Öz məktubunda Porteos Azərbaycanda səmti müəyyən etmə idmanının surətlə inkişaf etdiyinə səmimi qəlbdən sevindiyini bildirib. Porteos qeyd edb ki, Azərbaycanda bütün idman növlərinə qarşı olduğu kimi, səmti müəyyən etmə idmanı növünə də qarşı dövlət tərəfindən xüsusi diqqət və dəstəyin verilməsi idmanın inkişafında böyük rol oynayır. Son bir il yarım ərzində Federasiya tərəfindən görülmüş işlər, daha doğrusu, beynəlxalq standartlara cavab verən 11 idman xəritəsinin hazırlanması, eləcə də Beynəlxalq Səmti Müəyyən Etmə İdmanı Federasiyasının tələblərinə müvafiq yarışların keçirilməsinə imkan yaradacaq elektron qeyd olunma sisteminin əldə olunması Beynəlxalq Federasiya tərəfindən müsbət qarşılanıb. O, bu idman növünün gələcək inkişafı üçün zəruri olan bütün şəraitin Azərbaycanda olduğunu da xüsusi vurğulayıb.
Tədbirdə iştirak edən Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko ümummilli lider Heydər Əliyevin Azərbaycan və Ukrayna arasında dost münasibətlərinin təməlini qoyduğunu və strateji münasibətlərin qurulmasında xüsusi rolu olduğunu bildirib: "Ümummilli lider Heydər Əliyev iki ölkə arasında konkret layihələrin həyata keçirilməsi yolu ilə strateji münasibətlərin qurulmasına xüsusi önəm verirdi. Bu prinsipi davam edərək, Səmti Müəyyən Etmə İdmanı Federasiyası qeyd olunan idman növünün Azərbaycanda inkişafı məqsədilə Ukrayna ilə əməkdaşlığını həyata keçirir. Qeyd etməliyik ki, son bir il ərzində beynəlxalq idman arenasında tanınmış ukraynalı xəritəçi mütəxəssis Mixail Puqaç tərəfindən 11 yeni idman xəritəsi hazırlanıb".
Açılış mərasimi zamanı Türkiyənin Səmti Müəyyən Etmə İdmanı Federasiyasının prezidenti Tekin Çolakoğlu, eləcə də Gürcüstan Səmti Müəyyən Etmə İdmanı Federasiyasının prezidenti Akaki Xvedelidze də çıxış edərək Azərbaycanın qısa müddət ərzində əldə etdiyi uğurlara görə sevindiklərini xüsusi vurğulayıblar.
Səmti müəyyən etmə idmanı üzrə Birinci Beynəlxalq Yarışın təşkili və keçirilməsinə böyük dəstək verənlərdən biri də Xüsusi Dövlət Mühafizə Xidməti İdarəsi olub. XDMX nümayəndəsi Xəyyam Məmmədov yarışın əhəmiyyəti barədə danışıb, bütün idmançılara bol uğur diləyib, turnirin əsas mükafatı olan Heydər Əliyev adına Kuboku ən güclü komandanın qazanmasını arzu edib.
Turnirin rəsmi açılış mərasimində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mahir Qəhrəmanov öz çıxışında Azərbaycanı, eləcə də xarici ölkələri təmsil edən idmançıları salamlayıb, onlara yarışda uğurlar arzulayıb.
Qeyd edək ki, yarışa 280-ə yaxın idmançı qatılıb. Bu isə əvvəlki yarışlarla müqayisədə rekord göstəricidir.
Tədbir proqramına əsasən, bu gün, yəni yarışın birinci günü uzun məsafəyə qaçış həyata keçiriləcək. İlk gündə kişilər üçün 10,6 km və 18 nəzarət məntəqəsi, qadınlar üçün isə 7,1 km və 14 nəzarət məntəqəsi nəzərdə tutulub.
Bu idman növü ilə yeni məşğul olmağa başlayanlar üçün OPEN kateqoriyası üzrə məsafələr də təşkil olunub. Proqrama müvafiq olaraq, may ayının 12-də qısa məsafə üzrə qaçışlar həyata keçiriləcək. Yarış qalibləri medal və diplomlarla, eləcə də qiymətli hədiyyələrlə təltif olunacaqlar.