Azərbaycan, Bakı, 2 avqust /Trend/
Bu gün Azərbaycan Premyer Liqasında 2013/2014-cü il mövsümünə start verilib.
Trend-in məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçında "Bakı" doğma meydanda "Qəbələ"ni qəbul edib.
İlk qol meydan sahiblərindən gəlib - 12-ci dəqiqədə Mindauqas Kalonas fərqlənib. Oyunun 61-ci dəqiqəsində Viktor Mendinin qolu ilə qonaqlar hesabı bərabərləşdiriblər. Bu qoldan 20 dəqiqə sonra qəbələli futbolçular önə keçməyi bacarıblar - V.Mendi dubla imza atıb (1:2).
Beləliklə, iki əcnəbi mütəxəssisin - "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç və "Qəbələ"nin baş məşqçisi, rusiyalı Yuri Syominin Premyer Liqadakı debüt oyunu elə bu hesabla da başa çatıb.
Premyer Liqanın I turuna avqustun 4-də yekun vurulacaq.