...

Təbrizin "Traktorsazi" klubu cərimələndi

İdman Materials 15 Fevral 2014 12:25 (UTC +04:00)
Tarixi ərzində ilk dəfə ölkə kubokuna sahib olan Təbrizin "Traktorsazi" komandası İran Futbol Federasiyasının İntizam Komitəsi tərəfində cərimələnib.
Təbrizin "Traktorsazi" klubu cərimələndi

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir T.Cəfərov/

Tarixi ərzində ilk dəfə ölkə kubokuna sahib olan Təbrizin "Traktorsazi" komandası İran Futbol Federasiyasının İntizam Komitəsi tərəfində cərimələnib. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, bir müddət əvvəl Gilanın "Damaş" və Ənzəli şəhərinin "Mələvan" komandaları ilə görüşdə "Traktorsazi" tərəfdarlarının meydana daxil olması və qarşı komandanın oyunçusunu vurması, eləcə də qarşı komandanın tərəfdarlarını təhqir etməsinə görə Təbriz klubu ümumilikdə 60 milyon rial (təqribən 2500 dollar) cərimələnib.

İntizam Komitəsi, həmçinin komandaya xəbərdarlıq edib ki, əgər bu kimi hallar təkrarlanarsa qarşıdakı oyunlarda "Traktorsazi" tərəfdarları stadiona buraxılmayacaq və komandanın xalları azaldılacaq.

Qeyd edək ki, fevralın 14-də futbol üzrə İran çempionatında mübarizə aparan Təbrizin "Traktorsazi" komandası ilk dəfə İran kubokunun sahibi olub. Kubokun finalında "Traktorsazi" Kirman şəhərinin "Mis" komandasının qonağı olub. Kirman şəhərinin "Bahünər" stadionunda baş tutan qarşılaşma Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da "Traktorsazi" gələn il Asiya Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti