...

Baş məşqçlər "Qəbələ" və "Xəzər Lənkəran" oyununu şərh etdilər

İdman Materials 16 Aprel 2014 19:31 (UTC +04:00)
Bu cür oyunu gözləmirdim. Məğlub olduq. Fikrimcə, cavab qarşılaşması Azərbaycan kubokunun tarixində ən vacib oyunlardan biri olacaq.
Baş məşqçlər "Qəbələ" və "Xəzər Lənkəran" oyununu şərh etdilər

Azərbaycan, Bakı, 16 aprel /Trend/

"Bu cür oyunu gözləmirdim. Məğlub olduq. Fikrimcə, cavab qarşılaşması Azərbaycan kubokunun tarixində ən vacib oyunlardan biri olacaq". Trend-in PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mustafa Dənizli "Qəbələ" ilə kubok matçından (0:3) sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis cütün taleyinə cavab qarşılaşmasında aydınlıq gələcəyini bildirib: "İlk oyunda məğlub olsaq da, finala çıxmaq şansımızı itirməmişik. Bir həftədən sonra keçiriləcək cavab qarşılaşmasının necə nəticələnəcəyi hamımız görəcəyik. Hamı cavab oyununu gözləsin. 0:3 ağır hesabdır. Son sözümüzü söyləməmişik".

"Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin isə bildirib ki, qarşıda hələ cavab oyunumuz var: "Bu gün isə çox yaxşı nəticə əldə etdik. Oyunun müəyyən hissələrində çox yaxşı oynadıq. Xüsusən də qol vurduğumuz epizodlarda. Qarşıdakı cavab oyununa da ciddi yanaşmalıyıq".

Rusiyalı mütəxəssis komandasının ilk hissə ilə müqayisədə ikinci yarıda daha yaxşı təsir bağışladığını bildirib: "Artıq çempionatdakı oyunumuza hazırlaşacağıq. "Qarabağ"la kubok oyunundan sonra 4 müdafiəçimiz zədələndi. Bu, futbolda nadir rast gəlinən hallardan biridir. Ardıcıl məğlub olduğumuz oyunlar oldu. Lakin biz işimizi davam etdirdik, vəziyyəti düzəldəcəyimizə inanırdıq.

Komanda məşqlərini davam etdirirdi, futbolçularıma bu baxımdan iradım yoxdur. Psixoloji cəhətdən isə vəziyyətimiz yaxşı deyildi. Azarkeşlərimizə üzümü tutub deyirəm ki, səbrli olsunlar və qalib gələndə də, məğlub olanda da bizi dəstəkləsinlər. İlk hissədə müdafiədə dəqiq oynadıq, lakin hücumda oyunumuz alınmırdı. İkinci hissədə isə həm müdafiədə, həm də hücumda oyunumuz yaxşı alındı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti