...

Azərbaycan su polosunda 5-ci oldu

İdman Materials 2 İyun 2015 16:25 (UTC +04:00)
Su polosu idman növü üzrə Azərbaycan milli komandası İranın Tehran şəhərində keçirilən "5th FINA World Water Polo Development Trophy" beynəlxalq turnirində 5-ci yeri tutub.
Azərbaycan su polosunda 5-ci oldu

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Su polosu idman növü üzrə Azərbaycan milli komandası İranın Tehran şəhərində keçirilən "5th FINA World Water Polo Development Trophy" beynəlxalq turnirində 5-ci yeri tutub. Bu barədə Trend-ə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Tehran-2015 beynəlxq turnirinə ümumilikdə dunyanın müxtəlif qitələrindən 10 ölkə qatılıb. Bunlar İran, Küveyt, İndoneziya, Tunis, Azərbaycan, Malta, Uruqvay, Avstriya, Mərakeş və Qvatemala milli komandaları olub.

Azərbaycan millisi bu yarışmada Küveyt yığmasını 9:6, Mərakeş yığmasını 17:7 hesabı ilə məğlub edib. İdmançılarımız Uruqvay yığmasına 11:10, Malta yığmasına isə 13:8 hesabı ilə məğlub olduqdan sonra 5-ci yer uğrunda İndoneziya yığması ilə qarşılaşıblar.

Azərbaycan yığma komandası çətin qarşılaşmada İndoneziya yığmasını 10:8 hesabı ilə məğlub edərək beynəlxalq turnirdə 5-ci yeri tutub.

Su polosu idman növü üzrə Azərbaycan milli komandasının baş məşqçisi Azər Babayevin sözlərinə görə, Tehran-2015 "World Water Polo Development Trophy" beynəlxalq turniri FINA-nın təqvim planına uyğun olaraq keçirilir və bu beynəlxalq turnirə çox güclü komandalar qatılır: "Belə bir mötəbər yarışda 5-ci yer vacib bir nəticədır. Komanda olaraq Bakıda keçiriləcək I Avropa oyunları qabağı biz növbəti dəfə gücümüzü sınadıq. Təbii ki, reytinq və iştirak edəcək komandaların gücü baxımından I Avropa oyunları birinci yerdədir. Burada Avropanın ən güclüləri iştirak edəcək. Amma Tehran 2015-də özü özlüyündə çox vacib və səviyyəlı bir beynəlxalq turnir idi. Mən ümumilikdə komandamın çıxışından razı qaldım".

Məlumat üçün bildirək ki, Tehran-2015 "World Water Polo Development Trophy" beynəlxalq turnirində İran yığması 1, Uruqvay 2, Avstiya 3, Malta yığması isə 4-cü yerə layıq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti